Xiaomi SU7 Ultra sedanı Executive cars kateqoriyasında Nürburqrinq yeni rekorduna imza atıb - 7:04,957. Avtomobili belçikalı Vinsent Radermeker idarə edib. O, Porsche Taycan Turbo GT Weissach Package modelini idarə edən Lars Kerni (7:07,55), Tesla Model S Plaid modelini idarə edən Andreas Simonsen (7:35,579) və hətta Super sport cars kateqoriyasında çıxış edən Rimac Nevera hiperkarının pilotu Martin Kodriçdən (7:05,298) yeyin olub. Rekord cəhdində demək olar ki, seriya elektromobili çıxış edib – yeganə fərq opsional Track paketinin olmasıdır.

Paketin tərkibinə karbonplastikdən dam, 21-düymlük döymə təkər diskləri, Pirelli P Zero Trofeo RS şinləri, dözümlülük yarışları üçün hazırlanmış Endless MA45B əyləc qəlibləri, sıxılma və geriqaytarmanın 10 səviyyəli tənzimlənməsi olan vintli Bilstein EVO R dayaqları daxildir. SU7 Ultra modelinin güc qurğusu 1548 at qüvvəsi və 1770 Nm fırlanma anı hasil edən üç mühərrikdən ibarətdir. 100 km/saata qədər sürətlənmənin müddəti 1,98 saniyədir (bunun üçün uyğun şinlər lazımdır), pasport üzrə maksimal sürət isə, 350 km/saatdan çoxdur.

Müqayisə üçün: Porsche Taycan Turbo GT Weissach Package 1108 at qüvvəsi və 1340 Nm fırlanma anına malikdir. O, 100 km/saatı 2,2 saniyəyə toplayır və maksimal 305 km/saata qədər sürətlənir. Weissach paketi ikinci sıra oturacaqları, firma analoq saatı, arxa doldurma portunun qapağı və audio sisteminin arxa dinamiklərindən imtinanı ehtiva edir. Bundan əlavə, yüngülləşdirilmiş avtomobillərdə daha az səs-küy uducu materiallar və xüsusi şüşələr var.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.