Xatırladaq ki, Çin texnoloji nəhənginin ikinci modeli olan Xiaomi YU7 krossoveri artıq mayın 22-də təqdim olunub: o, 690 at qüvvəli güc qurğusuna, 800 voltluq arxitekturaya, ikikameralı pnevmatik asqıya və SU7 sedanı üslubunda dizayna malikdir. Tesla Model Y krossoverinin daha bir çinli rəqibi iyunun 26-da Çin bazarında satışa çıxmalıdır. “Car News China” nəşrinin məlumatına görə, krossoverlə yanaşı, Xiaomi yeni smartfon və planşeti də təqdim etməyi planlaşdırır.

YU7 keçən il buraxılmış SU7 elektrik sedanına qoşulacaq ilk Xiaomi krossoveridir. Artıq Pekindəki zavodda krossoverin istehsalına start verilib. Şahidlərin dediyinə görə, artıq zavodun dayanacağında minlərlə hazır YU7 krossoveri öz sahiblərini gözləyir.
Böyük ehtimalla bu, müəyyən müddət ərzində SU7 modelini almaq üçün yaranmış nəhəng növbələrlə bağlı oxşar vəziyyətdən yaxa qurtarmağa kömək edəcək. Yeniliyin ilk alıcılara iyul ayında göndəriləcəyi gözlənilir.

Ekspertlərin fikrincə, krossoverin qiymət 245 900 yuandan (58 200 manat) başlayacaq. Müqayisə üçün, SU7 sedanının qiyməti 215 900 yuandan (51 100 manat) başlayır, Tesla Model Y üçün isə, ən azı 263 500 yuan (62 400 manat) tələb olunur.
Bu, arxa ötürməli baza versiyasının qiymətidir. Mart ayındakı artımından sonra, Long Range AWD versiyası çinlilərə 313 000 yuana (74 100 manat) təklif olunur, odur ki, YU7 krossoveri amerikan rəqibindən nəzərəçarpacaq dərəcədə cəlbedici görünür.

YU7 modelinin baza versiyası arxa ötürməyə, habelə 320 at qüvvəsi və 528 Nm fırlanma anı hasil edən bir elektrik mühərrikinə malikdirr. Belə elektromobilin sıfırdan 100 km/saata sürətlənməsinə 5,88 saniyə tələb olunur, 96,3 kilovat/saatlıq batareya isə, Çinin CLTC dövrünə uyğun olaraq enerji doldurmadan 835 kilometrə qədər yürüyüşü təmin edəcək.
Ən yüksək səviyyəli Max versiyası 101,7 kilovat/saatlıq batareyaya, habelə 690 at qüvvəsi və 866 Nm hasil edən ikimühərrikli güc qurğusuna malikdir. Yürüş ehtiyatı 760 kilometr, 100 km/saata sürətlənmə isə, 3,23 saniyə çəkir. Yeri gəlmişkən, iki mühərrik və tam ötürmə orta səviyyəli Pro təchizatına malik olan YU7 modeli üçün də əlçatandır.

Krossoverin arsenalında Nvidia çipi olan elektron köməkçilər, lidar, 4D radar, bir sütundan digərinə qədər uzanan panoram displey, matrisa faraları, Brembo əyləcləri və başqa avadanlıqlar var.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.