Çinin Xpeng şirkəti iri ölçülərinə baxmayaraq yalnız beş nəfərlik salona malik olan yeni G9L krossoverini təqdim edib. Model əvvəlcə Çin bazarında satışa çıxarılıb, daha sonra isə Avropa bazarına daxil olacaq.

Xpeng G9L modelinin uzunluğu 5120 millimetr, eni - 1999 millimetr, hündürlüyü - 1782 millimetr, təkər bazası isə 3100 millimetr təşkil edir. Belə ölçülərə baxmayaraq, model üç oturacaq sırasına malik deyil. Xpeng bu qərarı flaqman GX ilə birbaşa rəqabətin qarşısını almaqla izah edir.

Dizayn baxımından G9L markanın yeni üslubunu davam etdirir. Ön hissədə avtomobilin bütün eni boyunca uzanan gündüz hərəkət işıqları və iki mərtəbəli optika yerləşdirilib. Bamperdə aktiv cəpərciklər ilə təchiz edilmiş hava girişləri, kuzovda isə gizli tipli qapı tutacaqları tətbiq olunub. Model 20, 21 və 22 düymlüktəkər diskləri ilə təklif edilir.

2250 TOPS gücündə hesablama sistemi

Xpeng G9L-in əsas texnoloji xüsusiyyətlərindən biri inkişaf etmiş sürücüyə yardım sistemidir. Ön şüşənin üzərində lidarın olmamasına baxmayaraq, avtomobil üç Turing AI prosessorundan istifadə edir. Onların ümumi hesablama gücü 2250 TOPS təşkil edir. Sistem həmçinin VLA süni intellekt platformasının ikinci nəsli ilə işləyir.

Salonda minimalizm fəlsəfəsi üstünlük təşkil edir. Ön paneldə 8,8 düymlük rəqəmsal cihazlar paneli17,3 düymlükmərkəzi sensorlu ekran yerləşdirilib. Fiziki düymələrin sayı minimuma endirilib, idarəetmənin böyük hissəsi sükan üzərində və onun ətrafında cəmlənib.

Komfort səviyyəsi də yüksəkdir

G9L-in bütün oturacaqları qızdırılma, havalandırma və masaj funksiyaları ilə təchiz edilir. Avadanlıqlar siyahısına üçzonalı klimat-kontrol, müxtəlif temperatur rejimlərinə malik olan soyuducu, 33 dinamikli audio sistemi, tavandakı əyləncə ekranı və simsiz enerji doldurma sistemi daxildir.

Arxa sərnişinlər üçün dirsəkaltında sürüşdürülə bilən masa da nəzərdə tutulub. Baqaj bölməsinin ümumi həcmi 1152 litr, elektrik versiyasında isə əlavə ön baqaj bölməsinin tutumu 109 litrdir.

Elektrikli və ardıcıl hibrid versiyalar

Xpeng G9L həm tam elektrikli, həm də ardıcıl hibrid güc qurğusu ilə təklif olunur. Baza elektrik versiyası arxa oxda yerləşən 367 at gücü və 465 Nm fırlanma anı hasil edən elektromotorla təchiz edilir. 91,9 klovat/saatlıq 800 voltluq batareya sayəsiində avtomobil 702 kilometrədək yürüş ehtiyatına malikdir. 0–100 km/saat sürətlənməsi 6,8 saniyə təşkil edir.

Tam ötürməli versiyada iki elektromotorun ümumi gücü 585 at gücü, fırlanma anı isə 695 Nm təşkil edir. 91,9 kilovat/saatlıq batareya ilə yürüş ehtiyatı 660 kilometr, 0–100 km/saat sürətlənmə isə 4,6 saniyədir.

Modelin ən uzun yürüş ehtiyatına malik olan elektrik versiyası 110 kiilovat/saatlıq NMC batareya ilə təchiz edilir. Bu modifikasiya dolu batareya ilə 755 kilometrədək məsafə qət edə bilir və 100 km/saat həddinə 4,45 saniyəyə sürətlənir.

Ardıcıl hibrid versiyada isə 150 at gücündə 1,5-litrlik turbomühərrik generator rolunu oynayır. İki elektromotorlu sistemin ümumi gücü 503 at gücü, fırlanma anı 695 Nm-dir. 63,3 kilovat/saatlıq batareya ilə avtomobil yalnız elektrik enerjisi hesabına 435 kilometrədək hərəkət edə bilir. 0–100 km/saat sürətlənmə 4,95 saniyə təşkil edir. Bütün versiyalarda maksimal sürət 200 km/saat ilə məhdudlaşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qiyməti 38,8 min dollardan başlayır

Çində Xpeng G9L-in qiyməti 260 min yuandan başlayır və ən bahalı versiyada 310 min yuana çatır. Bu, təxminən 38,8–46,3 min ABŞ dollarına bərabərdir.

Xpeng G9L-in Avropa premyerası 12 oktyabrda Paris avtosalonunda keçiriləcək. Şirkət modeli yalnız Çin və Avropa ilə məhdudlaşdırmaq niyyətində deyil. G9L-in ümumilikdə 64 ölkənin bazarına çıxarılması planlaşdırılır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.