Çinin Xpeng Motors şirkəti elektromobillərinin istehsalına 2017-ci ildə başlayıb, lakin yüksəlişə yalnız bu yaxınlarda keçib. Əgər 2020-ci ildə cəmi 27 min avtomobil satılmışdısa, 2021-ci ildə artıq 98 min, bu ilin birinci yarısında isə, üç modeldən ibarət olan 69 min elektromobil alıcısını tapıb. Artıq Xpeng dördüncü elektromobilini bazara çıxarmağa hazırlaşır - bu, model xəttindəki ən qabaqcıl və ən bahalı avtomobil olacaq G9 krossoveridir.
İri ölçülü Xpeng G9 krossoveri ilk dəfə ötən ilin payızında konsept statusunda nümayiş etdirilib. Seiya versiyasını hazırlamağa doqquz ay sərf olunub və avtomobil zahiri cəhətdən keçən ilki konseptdən demək olar ki, fərqlənmir. Çin markası yeni avtomobilin salonunu nümayiş etdirib və xüsusiyyətlərini açıqlayıb.
Ölçü və format baxımından Xpeng G9 modeli Lexus RX və ya Mercedes-Benz GLE krossoverləri ilə eyni sinifə düşür: onun uzunluğu 4891 millimetr, eni - 1937 millimetr, hündürlüyü isə 1680 millimetrdir. Təkər bazasının ölçüsü 2998 millimetrə bərabərdir.
Çin krossoveri arxaya doğru sürüşdürülmüş salonu, çərçivəsiz qapıları və irəli qapı tutacaqları olan “bahalı” nisbətlərə malikdir. Aerodinamik müqavimət əmsalı Cd - 0,272-dir. Müqayisə üçün, Mercedes-Benz GLE modelində bu əmsal 0,29-a bərabərdir.
Krossover öndə ikiqat köndələn qolları, arxada isə, çoxqollu asqısı olan “böyük” şassiyə əsaslanır. Artıq “bazada” ikikameralı hava balonları olan tənzimlənən pnevmatik asqı var.
Ümumi məhsuldarlığı 508 Teraflops (saniyədə trilyon əməliyyat) olan iki Nvidia Orin prosessoru ilə çalışan üçüncü səviyyəli avtopilot sistemi də elan edilib ki, bu da artıq belə sistemlər üçün artıq rekord göstərici sayılmır.
Üçüncü nəsil XPower elektrik güc qurğusu isə, Porsche Taycan, Audi e-tron GT, eləcə də Kia və Hyundai modellərində olduğu kimi 800 voltluq iş gərginliyinə malikdir.
Xpeng G9 modelinin arxa ötürməli baza versiyası 313 at qüvvəsi və 430 Nm hasil edən yeganə elektrik mühərrikinə malikdir. Tamötürməli modifikasiyada öndə 238 at qüvvəli elektrik mühərriki var. İkimühərrikli güc qurğusunun ümumi hasilatı 551 at qüvvəsi və 717 Nm təşkil edir.
Hər iki versiya 98 kilovat-saatlıq dartma batareyası ilə təchiz olunur, lakin birinci halda pasport üzrə yürüş məsafəsi 702 kilometr (CLTC dövrünə əsasən), ikinci halda isə, 650 kilomterdir. Maksimal sürət 200 km/saat həddində məhdudlaşdırılıb. 200 kilometrlik yürüş ehtiyatını daimi cərəyanlı yükləmə cihazı vasitəsi ilə beş dəqiqəyə bərpa etmək olar.
Beş nəfərlik salon zəngin tərtibata malikdir, dörd əsas oturacaq (ikinci sıradakı mərkəzi oturacaqdan başqa) qızdırılma və masaj funksiyaları ilə təchiz ediliblər. Bundan əlavə, ön oturacaqlar elektriklə tənzimlənir və havalandırılır, sərnişin oturacağında isə qatlanan ayaq dayağı var. Arxa divan isə, kürək hissəsini əymək və qatlamaq üçün elektrik ötürməsi ilə təchiz edilib.
Ön paneldə yığcam cihazlar paneli və mediasistemin vahid korpusa quraşdırılmış iki 15 düymlük displeyi var. Analoq düymələr demək olar ki, qalmayıb, mərkəzi konsolu isə, qadcetlərin simsiz doldurulması üçün meydançalar tutub.
Bundan başqa, qabaqcıl səslə idarəetmə sistemi də mövcuddur. Proyeksiya displey nəzərdə tutulmayıb, lakin variantlar arasında 28 dinamiki və 2250 vatt gücü olan Dynaudio səs sistemi də var.
Xpeng G9 krossoverlərinin istehsalına sentyabrda başlanacaqdır. Onların satışlarının başlanması isə, bu ilin dördüncü rübünə planlaşdırılıb. Qiymət hələ açıqlanmayıb, lakin şirkət flaqmanın qiymətinin 500.000 yuandan (74.000 dollar) aşağı olacağını vəd edib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.