Çin avtomobil istehsalçıları öz elektromobilləri ilə dünya rekordlarını ştamplamağa davam edirlər. Bu ilin yayında Xiaomi dueti güclü şəkildə çıxış edib: SU7 Ultra supersedanı Nürburqrinqdə ən yeyin seriya elektromobili olub, onun bazasında yaradılan prototip isə, ümumi hesabda ilk üçlüyə daxil olmağı bacarıb.
Daha sonra, BYD və onun lüks brendi Yangwang tərəfindən potensial rekordçunun - ekstremal U9 Track hiperkarının hazırlandığı məlum olub. O, planetin ən güclü seriya avtomobili olmaqla yanaşı, həm də mütləq sürət rekorduna imza atıb və beləliklə, Xiaomi hiperkarının Nürburqrinqdəki birinci yerini əlindən alıb.
Xatırladaq ki, avqust ayında sertifikatlaşdırılmış Yangwang U9 Track versiyası baza U9 hiperkarının əsasında yaradılıb. İndi o, U9 Xtreme (və ya Çində U9X) adlanır, buna baxmayaraq, hiperkarın möhtəşəm xarakteristikaları dəyişməz qalıb.
Baza hiperkarı kimi, U9 Xtreme də DiSus-X aktiv hidropnevmatik asqısı olan BYD e4 platformasında inşa edilib. Lakin Xtreme versiyası baza modelindən iki dəfədən çox güclüdür: 1306-ya qarşı 3019 at qüvvəsi!
Belə göstəriciyə gücləndirilmiş soyutma sistemi ilə təchiz edilmiş 1200 voltluq elektrik arxitekturası sayəsində nail olunub. Dörd elektrik mühərriki 30.000 dövr/dəqiqəyə qədər sürətlənə bilir və onların hər biri 755 at qüvvəsi hasil edir. Bu, Yangwang U9 Xtreme hiperkarını dünyanın ən güclü seriya avtomobili edir.
Xtreme versiyası zahiri cəhətdən daha aqressiv splitteri və standart model üçün əlavə ödənişlə təklif edilən daha böyük arxa antiqanadı ilə fərqlənir. Bundan əlavə, Yangwang U9 Xtreme 20 düymlük təkərlərə malikdir, xatırladaq ki, baza modelində 21 düymlük variantlar quraşdırılır.
Ön və arxa oxlardakı təkər ölçüləri artıq eynidir (325/35 R20), standart hiperkarda isə, ön tərəfdə daha ensiz təkərlərdən istifadə edilir (275/35 R21). Maraqlıdır ki, U9 Xtreme üçün Çinin Giti şirkəti tərəfindən xüsusi olaraq hazırlanmış yarısliklər ilə təchiz edilir. Onlar 500 km/saatdan çox sürətə tab gətirə bilirlər!
Avqustun sonunda keçirilən sınaq gedişləri zamanı alman pilot Mark Bassenq seriyaöncəsi U9 Track modelini 472,41 km/saat həddinə qədər sürətləndirib və bundan sonra BYD bu göstəricinin "elektromobillər üçün maksimal sürət üzrə dünya rekordu" olduğunu bəyan edib.
Lakin o vaxt U9 Track hələ seriya modeli deyildi, üstəlik, 2016-cı ildən bəri mütləq rekordun sahibi tələbələr tərəfindən hazırlanmış və 550,627 km/saat həddinə sürətlənmiş Venturi Buckeye Bullet 3 olub.
Bu səhvi düzəltmək üçün, 14 sentyabrda Yangwang U9 Xtreme seriya hiperkarı yenidən Papenburqdakı sürət poliqonuna qayıdıb və 496,22 km/saata qədər sürətlənib! Bu dəfə bu nailiyyət ATP (Automotive Testing Papenburg) mütəxəssisləri tərəfindən rəsmi olaraq təsdiqlənib.
Ancaq gediş yalnız bir istiqamətdə həyata keçirildiyindən, bütün yol avtomobilləri üçün rəsmi rekord hələ də benzin mühərriki ilə hərəkətə gələn SSC Tuatara hiperkarına məxsusdur (455,3 km/saat).
Bununla belə, Yangwang U9 Xtreme Nürburqrinqdəki ən yeyin seriya elektromobili olub! Çin hiperkarını təcrübəli alman pilot Moritz Kranz idarə edib. Onun idarə etdiyi U9 Xtreme “Nordşlyayfeni” inanılmaz 6 dəqiqə 59,157 saniyəyə qət edib! Bu, seriya elektromobilinin Nürburqrinqdə 7 dəqiqəni keçə bildiyi ilk haldır, çünki əvvəlki rekordçu Xiaomi SU7 Ultra 20,8 kilometrlik treki 7 dəqiqə 4,957 saniyəyə qət etmişdi.
Lakin SU7 Ultra hələ də ümumi hesabda ən sürətli sedan titulunu əlində saxlayır və 530.000 yuandan (75.000 dollar) başlayan qiymətlə xeyli ucuzdur. Standart Yangwang U9 hiperkarının qiyməti 1,8 milyon yuandan (252.000 dollar) başlayır.
Dəqiq qiymət hələlik məlum olmasa da, U9 Xtreme hiperkarının daha baha olacağını söyləmək gərəkdir. Sürət rekordları ilə yanaşı, qiymətin artmasına ekstremal modifikasiyanın eksklüzivliyi də təsir göstərir: hiperkarın tirajı 30 nüsxə ilə məhdudlaşdırılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









