Çinin BYD konserninə məxsus Yangwang markasının elektrik hiperkarı U9 Xtreme sürət rekordunu yeniləyib. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən sınaq zamanı avtomobil 503,17 km/saat sürətə çataraq 500 km/saat həddini aşan ilk seriya elektrik avtomobili olub.

Rekord cəhdi zamanı istifadə olunmuş GitiSport e·GTR² PRO şinləri də Ginnesin Rekordlar Kitabına düşüb. İstehsalçının məlumatına görə, bu nəticə elektrik avtomobilləri və ümumilikdə seriya modelləri üçün nəzərdə tutulan şinlər arasında da rekord hesab olunur. Sınağın digər təfərrüatları hələlik açıqlanmayıb.

Yangwang U9 Xtreme 1200 voltluq elektrik arxitekturasına və ümumi hasilatı 3019 at gücü olan dörd elektrik mühərrikinə malikdir. Dəqiqədə 30 000 dövrədək fırlana bilən mühərriklər hiperkarın hər tonuna 1217 at gücü düşməsini təmin edir. Müqayisə üçün, standart U9 modelinin ümumi hasilatı 1306 at gücüdür.

Xtreme versiyası xüsusi dartma qüvvəsinin paylanması sistemi, iri arxa antiqanadı və təkmilləşdirilmiş aerodinamik kuzov dəsti ilə də fərqlənir. Avtomobilə taxılmış xüsusi şinlər Çində hazırlanıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yangwang U9 Xtreme şərti olaraq seriya modeli hesab olunur: müxtəlif bazarlar üçün ümumi istehsal sayı 30 nüsxəni keçməyəcək. Bəzi məlumatlara görə, hiperkarın qiyməti 20 milyon yuandan (təxminən 3 milyon dollar) başlayır.

@ 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.