BMW 2002 modeli alman markanın ən vacib avtomobillərindən biridir, desək yanılmarıq. Məsələn, bu model sayəsində alman markası ABŞ bazarında populyarlaşmağa başlamışdı. Bu populyarlığın əsas səbəbləri yığcam modelin sürətli, çevik xarakterli və ən əsası həvəskarlar üçün maliyyə baxımından əlçatan olması idi. Yapon dizayner Naoto Kobayaşi klassik elementləri müasir BMW modellərin dizayn üslubu ilə qarışdıraraq, bu günki BMW 2002 modelinə olan baxışını nümayiş etdirib.
Orijinal 2002 modelində olduğu kimi, yeni i2002 də ön tərəfin künclərində yerləşdirilmiş fənərələrə və mərkəzdəki «böyrəklərə» doğru uzanan üfüqi barmaqlığa malikdir. Kobayashi ümumi üslubu saxlayaraq, növbəti nəsil BMW 4 Series modelinin nəhəng barmaqlığının cizgilərini də əlavə edib. Eyni zamanda, dizayner barmaqlığın altına da böyük splitteri də yerləşdirib. Öz növbəsində, geniş təkər tağları avtomobilin daha enli görünməsini təmin edir.
Kobayaşinin 2002 modelini arxa hissəsinə baxışı da maraqlıdır. Bu dəfə, dizayner orijinalda bir qədər uzaqlaşıb - təkcə geniş arxa qanadlar orijinal model ilə bənzərliyin yoxa çıxmasına kifayət edir. Oxşarlıq nazik arxa dayaq sayəsində saxlansa da, ilindən asılı olaraq, 2002 modeli ya dairəvi və ya düzbucaqlı arxa işıq texnikası ilə təchiz edildiyini bilirik. Kobayaşi isə, avtomobili nazik LED zolaqla təchiz etməyə üstünlük verib. Avtomobilə idman görünüşü vermək üçün, dizayner baqaj qapağını iri spoyler, bamperi isə böyük diffuzor ilə təchiz edib.
Layihənin orijinal BMW 2002 modeli ilə oxşarlığı cüzidir, lakin Kobayaşi modeli birbaşa təqlid etməkdən daha çox, onun ruhunu yaşatmağa üstünlük verir. Məlum məsələdir ki, alman markasından olan yığcam idman kupesi, BMW modellərinə xas olan dəbdəbəli tərtibata da malik olmalıdır.
BMW şirkəti də 2016-cı ildə iki 2002 Hommage konseptini nümayiş etdirərək 2002 modelinin ruhunu yenidən canlandırmaq istəmişdi. Alman şirkətinin dizaynerlərinin ilham mənbəyi kimi, bu ailənin ən güclü modeli olan 2002 Turbo çıxış edirdi. Lakin, təəssüflər olsun ki, bu ideya konsepsiya olaraq qaldı və seriya tətbiqini tapmadı.