Məlum olduğu kimi, hal-hazırda Lexus şirkətinin bayraqdar modeli olan LS sedanının dördüncü nəsli satılmaqdadır. İlk dəfə bu dəbdəbəli sedan 2006-cı ildə işıq üzü görsə də, 2009 və 2012-ci illərdə yenilənməyə məruz qalmışdır. Qeyd etmək lazımdır ki, keçən on il ərzində Lexus LS modeli alman «üçlüyünün» bayraqdar sedanları olan Audi A8, BMW 7-Series və Mercedes-Benz S-Class modelləri ilə aktiv şəkildə rəqabət aparmışdır. Lexus LS modelinin əsas hədəfi BMW şirkətinin E65 və F01 sedanları olduğunu hər kəs bilir. Artıq yapon istehsalçısının rəhbərliyi, bayraqdar sedanının yeni nəslinin istehsalı barədə düşünmək məcburiyyətindədirlər.
Artıq dəfələrlə «kosmetik əməliyyatlara» məruz qalmış avtomobilin təqaüdə göndərilməsi vaxtı gəlib çatmışdır. Bu yaxınlarda, MAG-X adlı yapon avtomobil dərgisinin jurnalistləri yeni nəsil bayraqdar sednının zahiri görkəmi barədə mülahizələrini irəli sürmüşdürlər.
Onlar əsas kimi keçən il Tokio avtosalonunda nümayiş etdirilmiş Lexus LF-FC konseptini götürərək, bu konseprin seriya variantına çevrilərkən hansı dəyişikliklərə məruz qalacağını müəyyən etməyə çalışmışdırlar.
Lakin, yapon jurnalistlərinin unutduqları bir məsələ var - Lexus mütəxəssisləri konsepti cüzi dəyişikliklərlə istehsala göndərmək cəsarətinə də malikdirlər. Bunun bariz nümunəsi kimi Lexus LC 500 sportkarını göstərmək olar.
Yapon avtomobil yazarları yeni avtomobilin gələn ilin mayından başlayaraq satışa çıxarılacağını da ehtimal etmişdirlər. Çox güman ki, yeni nəsil Lexus LS sedanının debütünü gələn ilin yanvarında baş tutacaq Detroyt avtoslonunda da izləyə bilərik.
Hələlik yeni sedan haqqında məlumat çox azdır. Xəbər verilənlərə inansaq, yeni LS modeli xüsusi olaraq bu model üçün hazırlanmış platformada yığılacaqdır. Avtomobilin mühərrik qammasına benzin, dizel və əlbəttə ki, hibrid güc aqreqatları daxil ediləcəkdir.