Hazırkı nəsil Toyota Land Cruiser Prado ofrouderi 2023-cü ilin yayında debüt edib və bir il sonra daxili bazarda satışa çıxıb: burada model “Prado” şəkilçisini itirib və Toyota Land Cruiser 250 adı altında satılır. İndi isə, Yaponiyada satılan ofrouder xırda yenilənmələrə məruz qalıb. O, genişləndirilmiş standart avadanlıq siyahısını və oğurluğun qarşısını alan yeni sistemləri əldə edib.

Eksteryer dəyişməz olaraq qalır, lakin kuzovun rəng palitrasına yenidən baxılıb. Əvvəlki qara rəng çaları başqası ilə əvəz edilib, ənənəvi ağ və bürünc rənglərinə yeni qum rəngi əlavə olunub.

Eksteryerə retro görünüşü verən və əvvəllər yalnız First Edition versiyasının imtiyazı olan yumru formalı Bi-Beam LED faralar indi VX təchizat səviyyəsi üçün opsiyadır. Bu xüsusiyyət bu yaxınlarda Avropa versiyasına əlavə edilib, ABŞ-da satılan ofrouderlərdə isə, artıq var idi.

İnteryerdə də kiçik dəyişikliklər var. Standart avadanlıq siyahısına elektriklə səkkiz istiqamətdə tənzimlənən sürücü oturacağı, habelə elektriklə dörd istiqamətdə tənizmlənən ön sərnişin oturacağı daxildir.

VX komplektasiyası o cümlədən tıxacda hərəkət və zolağı dəyişmə köməkçisi, sürücünün vəziyyətinin monitorinqi və köndələn hərəkət barədə xəbərdarlıq sistemi də daxil olmaqla Toyota Teammate Advanced Drive köməkçilər kompleksini əldə edib.

Bundan əlavə, model Yaponiyada ən çox oğurlanan modellərdən biri olduğu üçün, oğurluğa qarşı daha qabaqcıl funksiyaları əldə edib. Yaxınlıq sensoru Açara qədər məsafənin ölçülməsi funksiyası açar avtomobildən kənarda  olduğu halda kilidinin açılmasının və ya mühərrikin işə salınmasının qarşısını alır, üstəlik, T-Connect My Start Lock xüsusiyyəti sahibinə mühərriki uzaqdan söndürməyə imkan verir.

Ofrouderin mühərrik çeşidinə daxil olan 2,7-litrlik dördsilindrli benzin aqreqatı (163 at qüvvəsi, 246 Nm) altı pilləli avtomatik transmissiya və daimi tam ötürmə sistemi ilə birlikdə çalışır. 2,8-litrlik turbodizel (204 at qüvvəsi, 500 Nm) ilə təchiz edilmiş versiyanın dekabr ayından sonra satışa çıxacağı gözlənilir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Benzin mühərriki və tam ötürmə sistemi ilə təchiz edilən yeddi yerlik Toyota Land Cruiser VX versiyası yaponlara ən azı 5.779.400 yenə (təxminən 36.200 dollar) başa gəlir: bu, əvvəlki qiymətdən 329.400 yen (təxminən 2.100 dollar) çoxdur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.