2022-2023-cü illər mövsümü üçün “Yaponiyada İlin Avtomobili” (Japan Car of the Year, JCOTY) adına iddiaçıların siyahısı ilkin 48 modeldən 11-ə endirilib. Qısa siyahıya yeddi yapon avtomobili və dörd xarici avtomobil, o cümlədən Renault Arkana modeli daxildir. Bu avtomobilin bizim bazarda satılan eyniadlı kross-kupe ilə ümumi cəhətləri çox azdır - Yaponiya bazarında Captur modelinin CMF-B platformasına əsaslanan “avropalı” Arkana satılır.
“Yaponiyada İlin Avtomobili” müsabiqəsi 1980-ci ildən bəri keçirilir. Qalibi avtomobil jurnalistləri və bazar ekspertlərindən ibarət olan münsiflər heyəti seçir. Qalib olan modellərin hamısı ciddi meyarlara cavab verirlər: onlar 1 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixləri arasında bazara çıxmalı və satış tirajı 500 nüsxədən çox olmalıdır. Uzun siyahıya 48 model, qısa siyahıya isə 11 model daxil edilib ki, bu da nəzərdə tutulduğundan bir ədəd çoxdur - böyük ehtimalla, iki avtomobil eyni sayda xal toplayıb.
2022-2023 mövsümündə qalib Suzuki Alto, Toyota Crown, Mazda CX-60, Honda Civic/Civic Type R və üç Nissan modelindən biri - X-Trail, Fairlady Z və Sakura (Mitsubishi eK) ola bilər. Xarici brendlərin nümayəndələri arasında BMW iX və Hyundai Ioniq 5 elektrokarları, Range Rover və Renault Arkana modelləri var. Münsiflər heyəti “İlin avtomobili” ilə yanaşı, “Ən gözəl avtomobil” və “Ən texnologiyalı avtomobili” də seçəcək. Bütün kateqoriyalar üzrə qaliblər dekabrın 8-də elan olunacaqlar.
Keçən il Nissan Note hetçbeki Toyota GR86/Subaru BRZ, Toyota Land Cruiser 300, Chevrolet Corvette və digər finalçılarla yarışaraq Yaponiya bazarındakı ən yaxşı avtomobil adını qazanmışdı.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.