İlk dəfə yenilənmiş Toyota Camry modeli keçən ilin yayında ABŞ-da nümayiş etdirilmişdi. Yenilənmiş sedanlar ABŞ bazarında 25 min dollardan başlayan qiymətlər ilə satılır. Avropa üçün nəzərdə tutulan yenilənmiş sedan noyabr ayında təqdim edilib. İndi isə, Yaponiya bazarında satılan modelin yenilənmiş versiyası debüt edib. Əslində, baş vermiş dəyişikliklər digər bazarlardakı ilə elə də fərqlənmir.
Yenilənmiş Camry sedanını bir qədər dəyişdirilmiş dizaynı olan ön bamper və xrom haşiyələrə malik olan "uzadılmış" zolaqları olan radiator barmaqlığı sayəsində tanımaq olar. Bundan başqa, avtomobilin WS (Worldwide&Sporty) indeksini daşıyan aqressiv görünüşlü versiyası da yüngül şəkildə dəyişdirilib: bamperdəki qala əlavələrin formaları dəyişdirilib. Xatırladaq ki, belə versiya ABŞ-da da təklif edilir. Arxa tərəfin dizaynı dəyişilməyib.
Toyota Camry
Salonda, ön paneldə daha yüksəkdə yerləşən yeni doqquz düymlük sensorlu ekranı olan multimedia sistemi quraşdırılıb. Sistem ayrıca fiziki düymələr və “şaybalar” ilə təchiz olunur, komandalara daha sürətli cavab verir, habelə Apple CarPlay və Android Auto vasitəsilə smartfonların inteqrasiyası funksiyasına malikdir.
Yenilənmiş Camry Hybrid modelinin avadanlıq siyahısına Toyota Safety Sense təhlükəsizlik kompleksinin son versiyası daxil edilib. Buraya, dönərkən digər avtomobilləri tanıya bilən yenidən işlənmiş öndən toqquşmaların qarşısını alan sistem, həmçinin yol nişanlarına reaksiya verən yenilənmiş adaptiv kruiz-kontrol və təkmilləşdirilmiş zolaqda saxlama köməkçisi daxildir.
Toyota Camry WS
Əvvəl olduğu kimi, Toyota Camry modeli Yaponiyada yalnız hibrid güc qurğusu ilə təklif edilir. Hibrid qurğunun tərkibinə 178 at qüvvəi və 221 Nm fırlanma anı hasil edən 2,5-litrlik atmosfer mühərrriki, 120 at qüvvəsi və 202 Nm fırlanma anı hasil edən elektrik mühərriki və elektromexaniki variator daxildir.
Belə hibridlər ABŞ və Avropada da təklif edilir, lakin vətənində Camry modelini E-Four tam ötürməsi ilə də sifariş etmək olar. Tam ötürməni arxa oxda quraşdırılmış 7,2 at qüvvəsi və 55 Nm fırlanma anı hasil edən elektrik mühərriki təmin edir. Bu mühərrik yerindən tərpənəndə və sürətlənmənin ilk saniyələrində kömək edir.
Bundan başqa, Camry modelinin Yaponiyada əkiz qardaşı da mövcuddur. Daihatsu Altis adlanan model Toyota Camru modelindən yalnız emblemləri ilə fərqlənir. Bu model korporativ müştərilərə ünvanlandığı üçün yalnız orta təchizat səviyyəsi ilə təklif edilir.
Yaponiyada satılan Camry isə beş təchizat səviyyəsində təklif olunur. Camry Yaponiyada 33.200 – 44.500 dollar arasında qiymət diapazonuna malikdir. Daihatsu Altis isə 38.600 – 47.700 dollar arasında qiymətlə satılır.