Vallah bu yaponlar çox bəxtəvər millətdi. Həm də ağıllı. Məsələn, aləmə yanacağı vedrələrlə işlədən iri ofrouderləri satıb, özləri yığcam və qənaətcil avtomobillərdən istifadə edirlər. İş o yerə çatıb ki, özləri üçün hazırladıqları Toyota Corolla belə qlobal modeldən kiçik ölçülərə malikdir. Bu bir.
Bu yaxınlarda öyrəndim ki, Yaponiyanın Sotetsu Bus şirkəti ölkədə ilk pilotsuz marşrut avtobusunu işə salıb. Pilotsuz avtobus 14 oktyabra kimi test rejimində işləyəcək və arzu edən hər bir şəxs ondan pulsuz istifadə edə bilər. Buyurun, bu da iki.
İndi təsəvvür edin ki, evinizin qarşısındakı dayanacaqda durub uzun-uzadı müxtəlif avazlı səs siqnalı verən avtobusları belələri ilə əvəzləyiblər. Vallah, həyat cənnət olardı.
Qeyd etmək lazımdır ki, pilotsuz avtobusun marşrutu o qədər də uzun deyil – cəmi 900 metrdir. Üstəlik, avtobusun sürəti 20 km/saat həddində məhdudlaşdırılıb. Şirkətin hesablamalarına görə, avtobus səhər saat 10.00-dan 16.00-a kimi 16 gediş etməlidir. Yəni, hələlik pik saatlarında onun istifadəsi nəzərdə tutulmayıb (Bakıda da ki, pik saatı gün boyu davam edir).
Test müddəti artıq qeyd etdiyimiz kimi, 14 oktyabrda başa çatacaqdır. Bu müddət ərzində təhlükəsziliyi təmin etmək məqsədi ilə, kabinada şirkətin əməkdaşı oturacaqdır. Təhlükə yaranarsa, o vəziyyətə müdaxilə edərək, idarəetməni öz üzərinə götürəcəkdir. Sınaqların nəticələrinə görə, şirkət dördüncü səviyyə avtopilot sisteminə malik olan pilotsuz avtobuslar partiyasını hazırlamağı planlaşdırır. Xatırladaq ki, dördüncü səviyyə avtonom sistemlər sürücünün daimi diqqətini tələb etmir və nəqliyyat vasitəsini sərbəst şəkildə idarə edə bilər. Bu avtobuslar adi ictimai nəqliyyat ilə birlikdə tam ölçülü marşrut üzrə hərəkət edəcəkdirlər.
Bu işdə mənim qorxduğum bir şey var – qorxuram ki, bu pilotsuz avtobuslar da Bakıda siqnal verməyi öyrənsinlər – çünki, süni intellekt ətraf mühitə uyğunlaşmağı yaxşı bilir.