Abarth 1000 SP (Sport Prototipo) spayderi italyan markasının əfsanəvi modellərindən biridir. Bu model yarış mühəndisi Mario Koluççi tərəfindən yaradılmış və 1966-cı ildə treklərə çıxmışdı.
Uzunluğu 3,5 metrdən az olan və boş kütləsi cəmi 480 kiloqram olan barketta borudan hazırlanmış karkasa, müstəqil asqıları olan bir şassiyə və Fiat 600 modelindən götürülmüş və iş həmi 1,0-litrə qədər artırılmış ( avtomobilin indeksindəki 1000 rəqəmi məhz buna işarədir) və ikivallı blok başlığı ilə tamamlanmış mühərrikə sahib idi. 105 at qüvvəsi hasil edən mühərrik Abarth 1000 SP modelini 230 km/saata sürətləndirirdi. Lakin bir çox yarışlarda qalib gəlmiş barkettadan cəmi 50 ədəd istehsal edilmişdi.
2009-cu ildə Fiat şirkətində yüngül və yeyin spayderin Abarth markası altında canlandırmaq fikri ortaya çıxsa da, son illərdə olduğu kimi, bu layihənin taleyi də digər Fiat layihələri ilə eyni oldu – iş söz-söhbətdən o tərəfə keçməsi. Ancaq Abarth 1000 SP modelinin 55-ci ildönümünü qeyd etmək üçün italyan şirkəti müasir spayderi hazırlamaq qərarına gəlib.
Təəssüf ki, yeni Abarth 1000 SP orijinal avtomobil deyil, 2013-2020-ci illər arasında (iki kuzov növü ilə) istehsal edilmiş ortamühərrikli Alfa Romeo 4C modelinin yeni kuzova sahib olan versiyasıdır. Abart spayderi donorunun kuzov konstruksiyasını (ön və arxa hissəsində alüminiumdan alt çərçivələri olan mərkəzi karbon monokok) və şassini (öndə ikiqollu, arxada isə McPherson) və 240 at qüvvəli 1,75-litrlik dördsilindrli turbomühərrikini irsən alıb.
Əslində burada original olan əsl 1966 Abarth 1000 SP modeli üslbunda dizayna malik olan xarici kuzov panelləridir. Layihə Fiat Stil Mərkəzi tərəfindən həyata keçirilib və dizaynerlər avtomobili əcdadına bənzətməyə çalışıblar: hava kanalları və işıqlandırma cihazlarının forması, qanadların relyefi, buraxılış sisteminin çıxış borularının yerləşməsi və digər elementlər original spayderi xatırlatmalıdır.
Yeni Abarth 1000 SP spayderi yeganə nüsxədə inşa edilib və payızda keçiriləcək müxtəlif retro mövzulu tədbirlərdə iştirak edəcəkdir. Kiçik miqyaslı istehsaldan da söhbət gedə bilməz, çünki donor Alfa Romeo 4C modeli artıq istehsal olunmur.