Chevrolet şirkəti Corvette modelinin Corvette Drivers Series adlı xüsusi seriyasını təqdim edib. Corvette Racing yarış komandası ilə birlikdə hazırlanmış seriya markanın IMSA çempionatındakı qələbələrinə həsr edilib. Xüsusi seriyaya Grand Sport modifikasiyasının bazasında hazırlanmış, həmçinin unikal livreyaya və qrafikaya malik olan dörd versiya daxildir.
Avtomobillərin zahiri görkəmi üzərində yarış komadasının pilotları Tommi Milner, Oliver Gevin, Yan Maqnussen və Antonio Qarsiya işləyiblər. Grand Sport 1LT, 2LT və 3LT modifikasiyaları üçün əlçatan olan dəstlər pilotların şərəfinə adlandırılıb. Superkarlar eksteryerin dizaynı və salon tərtibatı ilə fərqlənirlər. Bununla belə, bütün avtomobillər qırmızı haşiyəsi olan qara təkər diskləri və qırmızı rəngli supportlar ilə təchiz edilirlər.
Tommi Milner tərəfindən hazırlanmış versiya göy rəngə boyanıb və gümüşü zolaqlara malikdir. Avtomobilin salonunda qara dəri və zamşa ilə üzlənmiş oturacaqlar, həmçinin qırmızı kəmərlər quraşdırılıb. Oliver Gevinin avtomobili tünd-boz rəngdə kuzova və mərkəzi qırmızı zolağa, həmçinin qırmızı dəri ilə üzlənmiş interyerə sahibdir.
Yan Maqnussenin hazırladığı kupe ağ rəngli kuzova və qırmızı zolaqlara malikdir.Salon Milnerin avtomobilində olduğu kimidir, lakin 3LT üçün oturacaqların qırmızı tikişləri nəzərdə tutulub. Nəhayət, Antonio Qarsiya sarı kuzov rənginə və sarı tikişləri olan qara interyerə üstünlük verib.
Bütün avtomobillər genişləndirilmiş təkər tağlarına, 19-düymlük təkər disklərinə, əyləc sisteminin yaxşılaşdırılmış soyudulmasına, başqa xarakteristikaları olan stabilizator və yaylara, elektronika ilə idarələnən yüksək sürtünməli differensiala və superkarın 12 parametini dəyişən hərəkət rejimləri selektoruna sahib olublar. Kupelər üçün karbon-saxsı əyləc mexanizmlərini, proyeksiya displeyini və ön kameranı sifariş etmək olar.
Chevrolet Corvette Driver Series modelləri 466 at qüvvəsi və 630 Nm fırlanma anı hasil edən 6,2-litrlik V8 mühərriki ilə təchiz edilirlər. Transmissiya – yeddi pilləli mexaniki qutu və ya səkkiz pilləli “avtomatdır”. Xüsusi seriyadan olan avtomobilləri satışına bu ilin yazında başlanacaqdır. Kupe adi Grand Sport 1LT və 2 LT modifikasiyasından 4995, 3LT modifikasiyasından isə 5995 dollar baha olacaqdır.