Toyota daha çox dünyanın ən nəhəng avtomobil istehsalçısı kimi tanınır. Yapon markası keçən il 10,59 milyon avtomobil sataraq ilk üçlüyə daxil olub. Sirr deyil ki, Toyota Corolla və RAV4 Azərbaycanda ən populyar avtomobillərdəndir. Eyni zamanda, Toyota hibrid və elektromobillərin inkşafı sahəsində liderliyini davam etdirir.

Yeni Toyota Corolla  RAV4 modelləri ilə tanışlıq üçün, Azərbaycandan olan avtomobil jurnalistərini Rustavi yarış trekində təşkil olunmuş təqdimata dəvət edilmişdilər.

Testlərdən öncə çıxış edən “Toyota Qafqaz” şirkətinin prezidenti Mitsuru Konishi çıxışında belə söylədi: “Biz tamamilə yeni RAV4 və Corolla modellərini Azərbaycan bazarına təqdim etməkdən qürur duyuruq. 

Biz əminik ki, bu əfsanəvi  modellərin yeni versiyaları dizaynına, təkmilləşdirilmiş komfortuna və təhkükəsizlik göstəricilərinə görə Azərbaycan sürücülərinin ürəklərində dərhal yer qazanacaqdır.

Başqa bir şad xəbər odur ki, yeni nəsil RAV4 hibrid mühərrikə malikdir və mən inanıram ki, bu yenilik bizim müştərilərimiz  tərəfindən çox gözəl qarşılanacaq və yüksək qiymətləndiriləcək!”

Rustavi treki ilə, mən hələ 2012-ci ildə tanış olmuşdum. FIA standartlarına uyğun olaraq qurulmuş trek bu qəbildən olan mərasimlər üçün gözəl seçimdir. Avtomobili yolsuzluqda sınaqlardan keçirmək üçün, təşkilatçılar xüsusi marşrut da hazırlamışdılar. Bu marşrutda Toyota RAV4 modelini sınaqdan keçirmək nəzərdə tutulmuşdu.

RAV4

Mən diqqəti standart Toyota RAV4 modelinə deyil, məhz onun hibrid versiyasına yönəltmək istəyirəm. O, dünyada ən çox satılan avtomobillərindən biridir və bu günə qədər 9 milyonluq tirajla satılıb. Yeni, beşinci nəsil RAV4 bu ənənəni davam etdirmək niyyətindədir. Bu barədə Tbilisidə ərsəyə gələn tanışlıq zamanı şirkətin nümayəndələri söylədilər. 

2016-cı ildə Toyota RAV4 modelinin dördüncü nəslinin testini etmişdim və krossover mənə yaxşı təəssüratlar bağışlamışdı. Yeni model sələfindən, ilk öncə, xarici görünüşü ilə fərqlənir. Beşinci nəsil daha cazibədar, idman xarakterli və aqressiv xarici görünüşə malikdir. 

Yeni RAV4 sələfindən daha enli və qıvraq görünür. Əgər öncəki modellərdə qadın zərifliyi olsa da, bu model daha çox kişi xarakterini əks etdirir (gender bərabərliyi mübarizləri məni bağışlasın). Sərt çizgilər, nazik ön fənərlər, arxa dirəklərin formaları buna dəlalət edir. Hibrid modelinin qara rəngli tərtibatı ona daha idmançı xarakteri bəxş edir. Sürücünün görünüş sahəsinin genişlənməsi məqsədi ilə alın şüşəsinin dayaqları daha nazik edilib, pəncərə xətti aşağı endirilib, kapotun qabaq ucu isə, 15 millimetr aşağı salınıbdır. 

Toyota TNGA modul platforması

Toyota RAV4 modelinin qabarit uzunluğu 4600 millimetr, eni – 1855 millimetr, hündürlüyü isə, 1683 millimetr təşkil edir. Modelin təkər bazasının uzunluğu 2690 millimetrdir. Beləliklə, yeni model sələfindən 5 millimetr qısa, 10 millimter enli və o qədər də alçaq olub. Təkər bazası 30 millimetr genişlənib. Krossoverin kuzovunun burulmaya qarşı sərtliyi 57% artıb.

Yeni Toyota RAV4 modelinin əsasını TNGA modul platforması təşkil edir. Yeni platforma krossoverin klirensini 15 millimetr yüksəltməyə və oturacaqların bərkidilmə nöqtəsini eyni ölçüdə aşağı salmağa imkan verib. İndi sərnişinlər döşəməyə yaxın otursalar da, oturma hündürlüyünün səviyyəsi yol səthinə nisbətən dəyişilməz qalıb.

Cihazlar paneli dairəvi spidometr çəkilmişdispleydən ibarətdir. Salonda mərkəzi yeri  8” Toyota Touch 2 displeyi tutur. Sükan oxunun tənzimlənməsi diapazonu da 50% artırılıbdır. Opsiyalar arasında panoram tavan, JBL səs sistemi, həmçinin arxadakı kameranın görüntülərini əks etdirən displeyə çevrilən salon güzgüsü vardır.

Salonun arxa hissəsindəki genişlik 40 millimetr artıb. İndi burada ayaqlar zonasında daha iri məkan vardır. Mərkəzi tonnelin arxa küncündə isə, havalandırma deflektorları quraşdırılıbdır. Baqaj bölümünün həcmi 580 litrdir. Bu əvvəlki modeldə olduğundan 79 litr çoxdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şassidə baş verən əsas dəyişiklik reykada quraşdırılan elektrik gücləndiricisi ilə təchiz edilən yeni sükan mexanizmindən ibarətdir. Asqıların konstruksiyası isə, prinsipcə dəyişdirilməyib: öndə McPherson dayağı, arxada –iki qatasqı. 

Bu il Avropada RAV4 alan şəxslərin 80% hibrid versiyasına üstünlük veriblər və bu səbəbdən də istehsalçı avropa bazarında əsas üstünlüyü hibrid modifikasiyasına vermək qərarına gəlib. Hibrid güc qurğusunun tərkibinə yeni Dynamic Force ailəsindən olan 2,5-litrlik dörd silindrli atmosfer mühərriki, arxa təkərləri hərəkətə gətirən ayrı elektromotor, elektromexaniki variator və nikel-metal-hidrid akkumulyatorları daxildir. 

Ön ötürücülü RAV4, hərəkətdə 218 DİN at gücü, tam ötürücülü hərəkətdə isə 222 DİN at gücü təmin edən 2,5 litrlik benzin Hybrid mühərriklə təhciz edirlir. Ən əsası arxa təkərlərdəki maksimal dartqı qüvvəsi isə, 953 Nm-dən 1300 Nm-ə qədər yüksəlib. Bütün bunlar hibrid krossoverin yolsuzluqda özünü əmin hiss edəcəyindən xəbər verir. Üstəlik, elektronikanın ön differensialın qapanmasını imitasiya edən Trail Mode «yolsuzluq» rejimi də təklif edilir. Hibrid krossover 100 km/saat həddinə 8,1 saniyəyə sürətlənir. RAV4 Hybrid modelinin yanacaq sərfiyyatı da heyranedicidir – 100 kilometrə 4,6 litr!

Bundan başqa, 173 at qüvvəli 2,0-litrlik atmosfer mühərrikiilə təchiz edilən RAV4 də təklif edilir. Bu modifikasiya variatorla təchiz edilir. Variatorla təchiz edilmiş variantı Dynamic Torque Vectorinq AWD tam çəkiş sistemi ilə də sifariş etmək mümkündür. Sistem, nəinki fırlanma anının 50 faizini arxa oxa ötürə bilir, o həmçinin, onu sağ və sol təkərlər arasında da bölüşdürür ki, bu da idarəetmənin yaxşılaşdırılmasına xidmət edir. Yeri gəlmişkən, Toyota RAV4, həmçinin yapon istehsalçısının “fırlanma anını dinamik şəkildə bölüşdürülməsi” sisteminə malik olan ilk avtomobilidir. 

Image alt Image alt Image alt Image alt

İlk dəfə RAV4 modelinin (ikinci nəsil) testini 2003-cü ildə etmişdim. Üç il öncə isə, Toyota RAV4 krossoverinin dördüncü nəsilinin bir həftəlik testləri baş tutmuşdu. O zaman, hər iki krossover mənə hündür klirensli minik avtomobili hissiyatını vermişdi. Sərt asqılar və həssas sükan idarə etməkdən həzz almaq imkanı verirdi. Bu ənənə yeni modeldə də davam etdirilib. İdarəetmə elektronikasının üç rejimdən (Eco, Normal və Sport) birini seçərək, avtomobilin xarakterini dəyişmək mümkündür. 

Trekdə krossoveri Sport rejiminə keçirərək, sürətlə şütüyürük. Elektromotor əlavə güc verərək daha yeyin sürətlənməyə imkan yaradır. Yerindən 100 km/saata sürətlənmə 8,1 saniyəyə baş verir. Ağırlıq mərkəzının aşağı endirilməsi döngələri daha sürətlə keçmə imkanı verir. İdarəetmədən əsl həzzi məhz sürətli döngələri qət etməkdən alırsan. RAV4 Hibrid modelinin yanacaq sərfiyyatı 100km 4.6l səviyyəsindədir.

Krossover elektromotorla hərəkət edərkən tam səssiz olur, hərgah ki, benzin mühərriklə işləyərkən də səs-küy səviyyəsi o qədər yüksək deyil. Həm də hibrid qurğu yanacağa qənaət etməyə imkan verir. Yanacağın qiyməti artdıqca hibrid qurğulara ehtiyac artmalıdır.

Rustavi International Motorpark, Gürcustan

Yolsuzluq şəraitində Toyota RAV4 özünü layqili göstərdi, amma nəzərə almaq lazımdır ki, bu model ağır yolsuzluq şəraiti üçün nəzərdə tutulmayıb. Əgər daha sərt yolsuzluğu qət etmək  niyyətiniz varsa, o zaman Toyotaofrouderlərinə diqqət yetirməniz gərəkdir. 

Toyota RAV4 universal avtomobildir. Krossover olaraq yüksək klirensə malikdir, hündürlükdə oturaraq daha uzağı görürsən. Arxa oturacaqlarda sərnişinlər üçün yetərli qədər rahat yer var. Hibrid modelin baqaj bölümünün həcmi 580 litr təşkil edir. İdarəetmə rahatdır, interyer keyfiyyətli materiallardan hazırlanıb. Virtual cihazlar paneli və mərkəzi konsolda yerləşən displeydə rahatlıqla bütün məlumatları görmək olur.

Corolla

Təqdim edilən digər avtomobil isə, öz sinifninn bestselleri olan Corolla sedanıdır. Yeni, 12-ci nəsil Toyota Corolla tamamilə yeni dizayna malik olub və sələfindən daha yaraşıqlıdır. Yeni nəsil Corolla xarici görünüşü daha müasir olub. Bəzən ona kiçik Camry da deyirlər. Oxvari cizgiləri onun görkəminə sürət effekti verir.

Əvvəlki nəsil ilə müqayisədə yeni Corolla daha geniş olub. Kuzov çıxışlarının ölçüləri də dəyişib.Avtomobilinön çıxışı qısalsa da, arxa çıxış bir qədər artıb. Sedanın hündürlüyü cüzi azalıb. Corolla modelinin tarixində ilk dəfə olaraq, 18-düymlük təkər diskləri təklif edilir. Sedan standart olaraq, 16-düymlük adi təkər diskləri ilə təchiz edilir.

Yeni Corolla sedanın interyeri “ehtiraslı minimalizm” üslubunda hazırlanmış dizayna malikdir. Ön panel daha gözəyatımlı olub. Ön panelin mərkəzində multimedia sisteminin 8-düymlük  sensorlu displeyi yerləşdirilir, Bluetooth, USB-portları və səsin tanınması funksiyasına malikdir. Corolla modelinin təchizatına şüşələrin tərləməsinin qarşısını alan effektiv və yığcam klimat-kontrol da daxil edilibdir.

Cihazlar panelində 4,2 və ya 7,0-düymlük displey yerləşdirilə bilər. Toyota Corolla standart olaraq parça salonla təklif edilir. Əlbəttə ki, arzu edənlər dəri materialını da seçə bilərlər.Corolla modelinin baqaj bölümü sinifində ən böyüklərdən biridir. Arxa oturacaqlarda ayaq üçün yer bir qədər artıb. 

Sükan arxasında, sürücü oturacağında özünü idman avtomobilində, daha aşağı səviyyədə oturmuş kimi hiss edirsən. İdarəetmə rahatdır. Sükan dəqiq idarə olunur. Orta paneldəki displey göz önündə, klimat kontrolun idarəetmə bloku əlin altındadır.

Toyota Corolla sedanı da RAV4 krossoveri kimi, TNGA modul platformasında inşa edilib. Yeni sedan Dynamic Force ailəsindən olan 1,6-litrlik mühərrikə (122 at qüvvəsi) və Direct Shift CVT variatoruna sahibdir. Bu tandem şəhərdə rahat sürmək üçün yetərli olsa da, ondan yüksək dinamika gözləmək yanlış olardı. Dinamika üçün hibrid versiyaya diqqət yetirmək lazımdır. Testlərdə hibrid aqreqatlı Corolla təqdim olunsa da, Azərbaycan bazarında bu modifikasiya hələlik təklif edilməyəcəkdir.

İdarəetməyə gəldikdə isə, yeni platforma sayəsində Toyota Corolla sürücüsünə yaxşı idarəetmə hissi bəxş edir. Avtomobil döngələri rahat keçir, sürətlənmə isə qənaətbəxşdir. Gündəlik istismarda yetərli qədər sərfəli avtomobildir. Həm xarici görünüşü, həm interyeri daha gözəgəlimli olub. Bir də ki, əvvəlki modellərin yüksək keyfiyyət və aşağı istismar xərcələrini nəzərə alsaq yeni Corolla modelinin satış liderinə çevriləcəyinə şübhə etmirəm.

Image alt Image alt Image alt Image alt Image alt

Təhlükəsizlik

Təşkilatçılar media nümayəndələrinə yeni Toyota Corolla sedanın Safety Sense 2.0 təhlükəsizlik kompleksini təqdim edərək, onu sınaqdan çıxarmaq şansı da verdilər. Bu kompleksin tərkibinə öndən toqquşmaları xəbərdar edən sistem, adaptive kruiz-kontrol, zolaqda saxlama funksiyası, avtomatik uzaq işıqlar və yol nişanlarını oxunması sistemi daxildir. Zolağı dəyişmək üçün dönmə işıqlarının yandırılması şərtdir - əks halda sistem avtomobili geriyə zolağa qaytaracaqdır. Şəhərimizdəki sürücülərin dönmə işıqlarından istifadə etmədən manevr etdiyini nəzərə alsaq, bu funksiyanın olması sevindirici haldır.

Təəssüf ki, Azərbaycandakı yol nişanlarının və zolaqlarının Avropa standartlarına uyğun gəlmədiyindən bu opsiya hələ təklif olunmayacaq. Bu kompleksin tətbiqi yollarımızda təhlükəsizliyi dəfələrlə yüksəltməyə imkan verə bilərdi. Yaxşı xəbər isə, artıq bu problemləri həll edəcək dövlət proqramı təsdiq olunmaq üzrədir. Bu haqda Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov jurnalımıza verdiyi müsahibəsində söyləmişdir.

TOYOTA YENİ TEXNOLOGİYALARI

Hibrid nə verir?

Bütün Toyota Hibridlər özü enerji yığdığı üçün, regenerativ əyləc texnologiyası ilə təchiz olunublar. Bu o deməkdir ki, siz əyləcə basdığınız və ya hərəkəti yavaşlatdığınız zaman yaranan elektrik enerjisi akkumulyatora yığılır. Bu isə sonradan sizə sırf elektrik enerjisi ilə hərəkət etməyə və səyahətinizi yanacağa daha çox qənaətlə davam etdirməyə imkan yaradır. Nəticə? Sıfır yanacaq sərfiyyatı, sıfır azot oksidi və asılı hissəciklərin emissiyası və şəhərdaxili hərəkətinizin 50%-ə qədərinin səssiz olması.

Toyota Hibridin akkumulyator texnologiyası avtomobilin uzunmüddətli istismarına uyğun olaraq hazırlanmışdır. Daha az aşınan əyləc bəndləri kimi hissələr, eləcə də ənənəvi servis planları ilə texniki xidmət xərcləri daha azdır. Əslində, mufta, generator və starter mühərriki kimi bəzi mexaniki elementlər tam çıxarılaraq gələcəkdə nəzərdə tutulmayan xərclərin azalmasına gətirib çıxarır.Daha az aşınan əyləc yastıqları kimi hissələr, eləcə də ənənəvi servis planları ilə texniki xidmət xərcləri 5% daha azdır. 

Safety Sense

Ciddi xəsarətlərlə nəticələnən toqquşmalar çox zaman sürücülərin vəziyyəti gec anlaması və onların müvafiq qaydada davranmamaları səbəbilə baş verir. Toyota hərəkət zamanı sürücülərin təhlükələr barədə xəbərdarlıq edilməsi və onların qəzalardan yayınmaları üçün bir addım öndə olmaları məqsədilə Toyota Təhlükəsizlik Sistemi adlanan aktiv təhlükəsizlik texnologiyasını işləyib hazırlamışdır. İndiyədək dünya üzrə 10 milyon istifadəçi Toyota Təhlükəsizlik Sistemi ilə təchiz edilmiş Toyota avtomobillərini seçmişdir və bu rəqəm dinamik şəkildə artmaqda davam edir.

Toqquşmanın qarşısın alan funksiya (PCS)

Heç kəs toqquşmaq istəməz. Lakin bu baş verdiyi an biz zərər və xəsarəti azaltmaq istəyirik. Bu, öndən toqquşma ehtimalı yüksək olduqda sizi xəbərdar etmək üçün radar texnologiyasından istifadə edən, habelə qəzanın qaçılmaz olduğunu müəyyən etdikdə əyləcləri işə salan və təhlükəsizlik kəmərini avtomatik qaydada sıxan toqquşmanın qarşısını alan funksiyasını işləyib hazırlama səbəblərimizdən biridir.

Hərəkət zolağını dəyişmə ilə bağlı xəbərdarlıq funksiyasın (LDA)

Hərəkət zolağını dəyişmə ilə bağlı xəbərdarlıq funksiyası  ilə Toyota hərəkət zamanı zolaqdan çıxdığınız təqdirdə sizi məlumatlandırır. Görünən zolaq nişanları olan yolda 50 km/s sürətlə hərəkət edərkən, sistem görünən zolaq nişanlarını tanımaq məqsədilə xüsusi kameradan istifadə edir və zolaqdan çıxıb-çıxmadığınızı müəyyən edir. Zolaqdan çıxdığınız zaman, avtomobil audiosiqnal verir və alətlər panelinin üzərində indikator işığı yanır. 

Uzaq və yaxın işığın avtomatik dəyişmə funksiyası (AHB)

Uzaq və yaxın işığın avtomatik dəyişmə funksiyası (AHB) gecə vaxtı aydın görməyinizə kömək məqsədilə dizayn edilmiş (digər sürücülərin diqqətini yayındırmadan) təhlükəsizlik funksiyasıdır. 40 km/s (modeldən asılı olaraq dəyişə bilər) sürətdə aktivləşdirilməsi üçün dizayn edilmiş AHB qarşıdan gələn avtomobillərin ön faralarını, eləcə də öndə olan avtomobillərin arxa faralarınımüəyyən etmək üçün avtomobilin daxilindəki kameraya əsasən işləyir və daha sonra müvafiq olaraq uzaq və yaxın işıqları işə salır. Uzaq görmə işıqlarını daha tez-tez istifadə etməklə sistem piyadaların və maneələrin daha tez müəyyən edilməsinə imkan verə bilər.

Dinamik kruiz kontrol

Bu sistem millimetr dalğalı radar sensorundan və birgözlü kameradan istifadə etməklə avtomobillər arasında əvvəlcədən təyin edilmiş məsafənin saxlanması məqsədilə öndə gedən avtomobili və onun sürətini müəyyən edir (təyin edilmiş aralıqda).Sürücü müvafiq məsafəni idarəetmə çarxından idarə edə bilər.