Heç zaman dəbdən düşməyən, son illərin trendi olan kətan parçadan geyimlər yay fəsli üçün həm kişilər, həm də qadınlar üçün yenə də aktuallığını itirmir. Stil və sağlamlıq, gözəllik və təbiilik, rahatlıq və moda – müasir dünyada bunlar bir-birinə uyğun olmayan amillər kimi qəbul edilsə də, kətan geyimlər bu xüsusiyyətlərin hamısını özündə birləşdirir.
Kətan material qədim zamanlardan istifadə olunur. Kətan bitkisi bizim eradan 4-5 min il əvvəl Hindistan, Çin, Misir və Zaqafqaziyada məlum olub. IX əsrin ikinci yarısı, XI əsrin ortalarında Azərbaycanda dünyada ən keyfiyyətlilərdən sayılan kətan parça istehsalı Şəki, Quba, Dərbənd və Qarabağda olub.
Kətan material qədim zamanlardan istifadə olunur. O çox dözümlüdür, dəfələrlə yuyulsa belə, xüsusiyyətlərini itirmir. Kətan parça asan rənglənir və müxtəlif rənglərdə təklif olunur. Həm ekolojidir, həm də isti fəsillər üçün ideal materialdır, bədənə yapışmır, sərin saxlayır, nəmi tez uduraq quruyur, havalandırma, hipoalergenilik kimi xüsusiyyətləri var. Kətanın hiqroskopik, "nəfəs ala bilən" və antiseptik xüsusiyyətləri bakteriyaların inkişafına mane olmaqla xoşagəlməz qoxuların qarşısını alır.
Kətan parçadan geyimlər formasını itirmir, günəşdə solmur və dəfələrlə yuyulduqda ölçüsünü dəyişmir, daha yumşaq və toxunuşda xoş olur. Boyanmış kətan 40C-dən yüksək olmayan temperaturda, adi universal ağardıcısı olmayan yuyucu tozla yuyulmalıdır. Kətanı paltar yuyan maşının qurutma qurğusunda yaxud qurutma maşınında qurutmaq lazım deyil, çünki kiçilə bilər. Onu nəm vəziyyətdə və ən yüksək temperaturda ütüləmək lazımdır.
Əgər kətan geyimin ölçüsü böyükdürsə, kiçiltmək üçün yuxarıda göstərilənlərin əksini (yüksək temperaturda yuma və barabanda yüksək dövriyyələrdə qurutma) etmək lazımdır.
Kətandan nəinki köynək, şalvar, şort, tee (t-shirt), gödəkcə, pencək, kostyum, hətta papaq, şərf və digər məmulatlar da tikilir. Kətanı pambıq və yun ilə qarışdıraraq soyuq fəsillər üçün sviterlər də istehsal edirlər.
“Çatışmayan" cəhəti isə sırf kətan parçanın əzilməsidir. Amma, kətanın bu xüsusiyyəti hər kəsə agah olduğuna görə (əgər bilmirdinsə, artıq sən də xəbərdarsan), dəbli tərz yaradır. Kətan materialdan geyim bahalı deyil, həm də zövqlü insanların seçimidir.
Moda evləri tərəfindən 2023-cü il üçün təqdim olunan son kolleksiyalarda rəng spektrinin bolluğu müşahidə olunur. Bu mövsüm dəbdə bənövşəyinin çalarları, mavi və onun müxtəlif variantları, parlaq portağal tonları, günəş sarısı, ənənəvi ağ, qəhvə-bej palitrası, açıq boz, qrafit, xaki, klassik qara, açıq limon və yaşılın çalarlarıdır.
Yaz-yay fəsilində açıq rəngli kətan kostyumla kətan yaxud incə pambıq, ipək köynək zövqlü dəst yaradır. Yaz-yay fəsillərində, kostyum üçün ağ, fil dişi, daş rəngi, bej, qəhvəyi, açıq qəhvəyi, kürən, açıq boz, boz mavi, açıq mavi, mavi rəngləri daha uyğundir. Tünd göy və qara kostyum yaxşı görünsə də, günəş istisini özünə çəkərək istilik yaradır, ona görə isti aylar üçün açıq rənglərə üstünlük vermək daha məqsədəuyğundur.
Kostyumla həm kətan, həm də incə pambıq yaxud kətan-pambıq qarışıqlı köynək, pambıq polo və t-şörtdən seçim etmək mümkündür. Havalandaırmanın daha yaxşı olması üçün pencəklərin astarı olmur. Açıq rəng kostyumları qəhvəyi, kürən, bej derbi, lofer, broq, mokasin, ağ sniker, topsayder ayaqqabı növlərindən biri ilə cütlük yaradılması müasir kişi obrazı yaradır. Belə geyimdə həm ofisə, həm şəxsi görüşlərə, həm də qeyri-formal axşam tədbirlərinə və restorana getmək olar.
Çox qızmar havalarda, kostyum və pencək yalnız sərin axşamlar və tədbirlərə geyinilsə də, gündüz vaxtları kətan şalvar yaxud şort, kətan köynək yaxud polo, lofer (yaxud mokasin, sniker, derbi, səndəl) ilə obrazlar yaratmaq mümkündür. Bu obrazlara həsir panama, yaxud kətan kepka (newsboy, flat, baseball) əlavə edərək başı istidən qoruyub, dəbli görünüş yaradın. Günəşin ultrabənövşəyi şüalarından qorunmaq üçün obraza uyğun günəş eynəyi seçmək (günəş eynəkləri haqqında məqaləmizlə tanış olun) yerinə düşər.
✽ Bu məqalə maraqlıdır – Günəş eynəyi haqqında bilmədikləriniz ➤
Kətan köynəklərin bu sezonda çox geniş rəng seçimi təklif olunur
Kətan köynəklərin rəng seçimi geniş olsa da, ən populyar olanlar: ağ, bej, açıq boz, mavi rənglərdir.
Bədən quruluşuna görə arıq olanlara slim, kök bədən üçün regular fit seçilir. Uzunqol köynək alaraq, istidə onun qollarını qatlayaraq geyinmək məsləhətdir, çünki çirmələnmiş qollar kişiyə bacarıqlı (hər bir işin qulpundan tutmağa hazır olma görünüşü) şəxs obrazı verir. Qısaqol köynək çiyinləri vizual olaraq ensiz edir. Qısa qol ancaq Polo köynək və t-şortlərə uyğundur. Köynək, polo və t-şirt seçərkən bədəninizə uyğyn ölçünü seçin, oversayz almayın. Kətan köynək cins şalvarla da geyinilə bilər.
Kətan şalvar, söylədiyim kimi, yay ayları üçün daha uyğundur. Açıq rəngli kətan şalvar və köynək istirahətdə yaxşı dəstdir. Kətan şalvarın slim fit olması şərt deyil, geniş olması yayda daha relaks görünüş yaradır. Kətan qarışıqlı cins şalvar da mövcuddur və yay üçün uyğun seçimdir.
İntensiv günəş şüalarının altında baş örtüyünün olması çox vacibdir ki, baş dərisini və saçları qorusun. Çünki, yayda günəşin ultrabənovşəyi şüaları başı qızdıraraq təzyiqi yüksəldır, baş və üz dərinsini yandırır.
Başı qorumaq üçün ən gözəl seçim – həsir panamadır. Həsir ekoloji materialdır, havalandırması çox yüksəkdir. Həm istirahətdə, həm şəhərdə gəzinti zamanı istifadəsi yerinə düşür. Bu panamalar uniseks olaraq, həm qadınlara, həm də kişilərə yaraşır. Amma, burada bir məsələ var ki, sevgiliniz də sizin kimi dəblidirsə, onu “özəlləşdirərək” əlinizdən ala bilər. Ona görə, panamanı iki ədəd müxtəlif rənglərdə almaq məsləhətdir ki, hər ikiniz geyinə biləsiniz.
Panamaları seçərkən, bir neçə özəlliyinə diqqət yetirmək vacibdir:
- Material: həsir, həsir + az miqdarda polyester/poliamid əlavə, kağız. Tam sintetik materialdan olan panamaları almayın;
- Səyahətə çıxarkən çamadana yerləşdirmək üçün toplanıb, açılarkən öz formasına qayıtma xüsusiyyəti olsun. Bəzən fenlə qızdıraraq öz formasını alanları da olur, bu da diskomfort yaradır.
Panama daşımaq istəməyənlər, kətan parçadan kepkalardan istifadə edə bilərlər. Kətanın xüsusiyyəti isti havalar üçün tam uyğun olmasıdır. Lakin, kətan tez əzildiyinə görə mütəmadi olaraq onu ütüləmək lazımdır. Bunun üçün buxarlı ütüdən istifadə edilməlidir. Kətan kepka alarkən onun astarının da kətan yaxud pambıq olmasına diqqət yetirin ki, hava işləsin və başı sərində saxlasın.
Digər yaz-yay papaq növü – yüngül beysbol kepkadır. Onlar kişilər arasında çox populyardır və hər üz formasına uyğun olduğu üçün beysbol kepkalarından daha istifadə edirlər. Bu papaqların da kətandan növləri var.
Kətandan hətta ayaqqabılar da mövcuddur. Kətandan əsasən sniker, mokasin, topsayder, slip-on, hətta lofer ayaqqabılar hazırlanır.
Kətan çox baha olmasada, yaz-yay fəsilləri üçün çox uyğundur. Ona görə ondan geniş istifadə edə bilərsiniz.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.