Yəqin ki, Ford T modelinin Amerikanı təkərlər üzərinə “oturduğunu” hər kəs bilir. Volkswagen Golf avtomobili bütün bir sinifə həyat verib. Belə misalları çox çəkmək olar. Bəs Hyundai Sonata modelini necə səciyyələndirə bilərsiniz?
İlk növbədə, bu modeli Azərbaycanın ən kütləvi “business class” avtomobili adlandırmaq olar. Əlbəttə, Hyundai Sonata əslində D sinfinə aiddir, lakin bir çox azərbaycanlılar üçün bu avtomobil məhz ilk “biznes” avtomobili rolunu oynayıb. Sərfəli qiyməti, zəngin təchizatı və qənaətbəxş istismar kefiyyətləri Sonata sedanını yerli bazarda populyar edən amillərdən olub. Dərgimizi izləyənlər üç il bundan öncə Hyundai Sonata modelinin yeddinci nəslinin testlərimizdə olduğundan xəbərdardırlar.
Bu günlərdə redaksiyamıza Hyundai şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi "Auto Azerbaijan" şirkətindən yeddinci nəslin yenilənmiş variantı ilə tanış olmaq təklifi gəldi. Əlbəttə ki, belə təkliflər yerli dilerlər tərəfindən nadir olsa da, zaman-zaman redaksiyamıza daxil olur. Əksər hallarda isə, biz avtomobilin təqdim olunması təklifi ilə çıxış edirik. Qeyd etməliyəm ki, bu günə qədər "Auto Azerbaijan" şirkətindən bu məsələ ilə bağlı mənfi cavab almamışıq.
Arxa LED fənərlər hər iki modifikasiya üçün standartdır
Budur günün qəhrəmanı qarşımızdadır və yeddinci Sonatanın eksteryerində baş vermiş dəyişikliklərə nəzər salaq. Bildirmək lazımdır ki, avtomobilin zahiri görkəmindəki baş vermiş dəyişikliklər əsasən ön və arxa hissələrin dizayn tərtibatı ilə bağlıdır. Yenilənmiş Hyundai Sonata tamamilə yeni ön işıq texnikasına, yeni korporativ üslubunda olan radiator barmaqlığına və daha aqressiv formalı ön bamperə sahib olub. Haşiyədən kənara çıxaraq bildirmək istəyirəm ki, avtomobilin bahalı modifikasiyalarında ön bamperə quraşdırılan şaquli işıqdiodlarından hazırlanmış gündüz hərəkət işıqları onu daha cəlbedici göstərir.
Arxa tərəfdə Lambo üslübünda dizayna malik olan arxa fənərləri, yeni baqaj kapotunu və şaquli işıq qaytarıcıları quraşdırılmış arxa bamperi görmək olar. Üstəlik, sedan yenilənmədən sonra səsboğucu sistemin çıxış borularından birini də "itirib". İki çıxış borusu yalnız 2,4-litrlik mühərriki olan modifikasiyada quraşdırılır. Bildirmək istəyirəm ki, yeni dəyişiklər sayəsində avtomobil arxa tərəfdən daha çox yeni Elantra modelini xatırladır. Mənim subyektiv fikrimcə restaylinqdən öncəki sedanın arxa hissəsinin dizaynı daha orijinal görünüşə malik idi. Eksteryerdəki yeniliklər yeni dizayna malik olan 17- və 18-düymlük disklərlə tamamlanır.
Ön bamperdəki işıqdiodlarından olan gündüz hərəkət işıqları avtomobili daha cazibədar edə bilər
Sonata modelinin interyerində dizayn cəhətdən elə də ciddi dəyişiklik baş verməyib. Ön panelin arxitekturası qorunub-saxlanmışdır. Bununla bərabər klimat-kontrolun və multimedia sisteminin idarəetmə blokları tamamilə yenilənibdir. Bundan başqa, təchizat variantından asılı olaraq müxtəlif tərtibata malik olan yeni sükan çarxı da təklif edilə bilər. Eyni zamanda, koreyalı mütəxəssislər avtomobilin salonunu ucuzlaşdıran və ağacı imitasiya edən əlavələri daha sanballı görünüşə malik olanları ilə əvəz ediblər.
Digər tərəfdən, yenilənmiş avtomobil daha müasir və yeni texnologiyalar ilə öyünə bilər. Restaylinq keçmiş Sonata modelinin təchizatına yeddi düymlük sensorlu ekranı olan, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən yenilənmiş multimedia sistemi, smartfonların naqilsiz doldurulması sistemi, həmçinin aktiv və passiv təhlükəsizlik sistemləri daxil olan təhlükəsizlik kompleks daxil edilib. Bizim bazarda təklif edilən sedan adi halda 5,0-düymlük ekranla təchiz edilsə də, onun top-variantında 8,0-düymlük displey quraşdırılır.
Parça salon və 5,0-düymlük sensorlu displey sadə variantın əlamətləridir
Sərəncamımıza verilən Hyundai Sonata sadə təchizat səviyyəsinə və 2,0-litrlik dörd silindrli atmosfer mühərriki ilə təchiz edilmiş avtomobil idi. Güc aqreqatı 157 at qüvvəsi və 202 Nm fırlanma anına malikdir. Mühərrik altı pilləli avtomatik sürətlər qutusu ilə tandemdə çalışır. Bu tandem sedanı 100 km/saat həddinə 10,9 saniyəyə sürətləndirir. Avtomobilin maksimal sürət həddinin 205 km/saat olduğu bildirilir.
O qədər də görkəmli xarakteristikalar deyildir, bununla belə, 157-qüvvəli Sonata şəhərdə özünü heç də pis göstərmədi. Akseleratorun basılmasına avtomobil dərhal reaksiya verir, ötürmələr rəvan şəkildə həyata keçirilir. Bu tandemin yeganə çatışmayan cəhəti yüksək sürətlərdəki qeyri-stabillikdir. İzahat verim. Misal üçün, aeroport yolundakı avtomobil axınından daha yeyin hərəkət etmək istəsəniz, mühərriki daima yüksək dövrələrdə “saxlamalısınız”. Bununla belə, nə sürətlənmə yeyinliyi, nə də mühərrikin yüksək səsi sizə sevinc hissi bəxş etməyəcəkdir.
Yenilənmiş sedanın asqı sisteminin fəaliyyəti Hyundai mühəndislərinin bu sahəni də diqqətsiz qoymadıqlarından xəbər verir. Asqı sistemi əvvəlkinə nisbətən daha səssiz işi və enerji tutumluluğu ilə fərqlənir. Ola bilsin ki, bunda test avtomobilinin təchiz edildiyi 17-düymlük təkər disklərinin də xidməti vardır. Xatırladaq ki, üç il bundan öncə test etdiyimiz sedan 18-düymlük təkər diskləri ilə təchiz edilmişdi. İstənilən halda, bu sahədə dəyişiklik vardır və yenilənmiş Sonata sərnişinlərini komfortla təmin edəcəkdir. Bununla belə, iri çuxur və çalalardan uzaq durmaq məsləhətdir – asqının reaksiyası ovqatınızı poza bilər.
"Lambo" üslubunda arxa fənərlər
Asqı sistemi sürətli döngələrdə də özünü yaxşı tərəfdən göstərdi – Sonata komandaları ehtirassız, lakin səliqəli və dəqiq yerinə yetirir.
Sükanın elektrik gücləndiricisinin tənzimləmələri asanlıqla qəfil yerdəyişmələr etməyə imkan verir. Əlbəttə ki, Hyundai Sonata sedanını heç də idman avtomobili kimi qəbul etmək lazım deyildir. Bu avtomobil gündəlik istifadəni rahat etmək üçün köklənmişdir. Ehtiras istəyənlər isə, Sport modifikasiyasına nəzər yetirə bilərlər – yeganə məsələ bu modifikasiyanın Azərbaycanda təklif edilib-edilməyəcəyidir.
Yeri gəlmişkən, bir qədər də Drive Mode sistemindən danışmaq istərdim.
Bu sistem üç rejimə malikdir: Comfort, Eco və Sport. Sistem standart olaraq Comfort rejimində olur. Eco rejiminə gəldikdə isə, onu unutsanız yaxşıdı – bu rejim insanı qıcıqlandırmaqdan başqa heç bir işə yaramır. Sport rejimində isə, akselerator həssaslığı artır, “avtomat” daha yüksək dövrələrdə ötürmələri edir, sükan sistemi isə “ağırlaşır”. Mənim qənaətimcə, bu rejimlərdən elə Comfort rejimi ən əlverişlisidir.
9,0 litr sərfiyyat yaxşı göstəricidir
Əyləc sistemi balanslaşdırılmış işi ilə yadda qaldı. Doğrudur, əyləcləri daha ağır şəraitdə sınaqdan çıxarmaq imkanım olmadı, lakin onların stabilliyini qeydə edə bilərəm. Bununla belə, əyləcləri idman rejimində çox da yükləməyi məsləhət görməzdim.
Avtomobilin salonunun ümumi quruluşu dəyişmədiyindən sürücü yerinin rahatlığı da restaylinqdən öncəki modeldən fərqlənmir. Restaylinqdən əvvəlki avtomobilin erqonomikasina yeganə iradımız multisükanın düymələri ilə bağlı idi ki, artıq yeni sükan çarxında bu iradlar aradan qaldırılıbdır.
Gələk əsas məsələyə. Testlər zamanı avtomobilin ortalama yanacaq sərfiyyatı 9,0 litr olubdur. Sınaqlar zamanı Sonata həm şəhər yollarında, həm də magistrallarda sınaqdan çıxarılıbdır.
Üstəlik, bir neçə günlük testlər zamanı kondisionerdən də istifadə olunubdur - yəni avtomobildən gündəlik istismar rejimində istifadə edilibdir. Qeyd etməliyəm ki, zavod göstəricilərinə əsasən, avtomobil 7,8 litr yanacaq sərf etməlidir ki, bunun üçün də ideal şərait gərəkdir. Bakıda belə şəraitin olmadığı nəzərə alaraq doqquz litrlik sərfiyyata “yaxşı” qiymətini vermək olar.
Hyundai Sonata gündəlik istismar üçün nəzərdə tutulmuş və rahat gedişə malik olan sedandır
Yerli nümayəndə Sonata modelini iki təchizat səviyyəsində təklif edir: GLS və GLS+. Əlbəttə, sonuncu modifikasiyanın avtomobilin top-variantı olduğunu hər kəs anlayır. Bu təchizat səviyyəsinə malik olan sedanlar, azərbaycanlı alıcılara yaxşı tanış olan, 178 at qüvvəsi və 233 Nm fırlanma anı hasil edən 2,4-litrlik dörd silindrli mühərrik və 6-pilləli avtomatik ötürmələr qutusu ilə təklif edilir.
Təchizata gəldikdə isə, avtomobil multimedia sisteminin 8-düymlük sensorlu ekranından tutmuş 18-düymlük təkər disklərinə, açarsız giriş və mühərrikin düymə ilə salınmasına, bluetooth və avtomatik konsdisionerə, çox saylı hava yastıqları və tam elektropaketə kimi bir çox faydalı avadanlıqla təchiz edilir. Hyundai Sonata modelinin top-variantı bu günə olan kursla 54500 manata (32300 USD) təklif olunur.
Avtomobilin sadə variantı olan Sonata GLS üçün isə, 46000 manat (27200 USD) tələb olunur. Bu qiymətə siz parça ilə örtülmüş salonu, multimedia sisteminin 5,0-düymlük sensorlu ekranını, panoram tavanı, 17-düymlük təkər disklərini, arxa görüntü kamerasını, parktronik sistemini və digər avadanlıqları əldə etmiş olursunuz.
Təəssüflər olsun ki, azərbaycanlı alıcılar müasir Hyundai turbomühərrikləri ilə təchiz edilmiş avtomobilləri əldə etmək şansından məhrumdurlar. Misal üçün, digər bazarlarda yenilənmiş Hyundai Sonata 180 at qüvvəli 1,6-litrlik T-GDI və yeddi pilləli «robotla» təchiz olunmuş modifikasiyada da təklif edilir. Bundan başqa, Sonata 248 at qüvvəsi olan 2,0-litrlik mühərrik və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə də təchiz edilir.