Bugatti öz tarixində yeni səhifə açır və monstrşəkilli W16 mühərriki ilə vidalaşır. Fransız istehsalçısının gələcək modelləri Rimac şirkətinin dəstəyi ilə hazırlanmış hibrid güc aqreqatlarına keçəcəklər.

Dörd turbokompressorlu mühərriki olan sonuncu hiperkar yeganə nüsxədə buraxılmış Chiron Profilee modelidir. O, Sotheby's hərrac evinin təşkil etdiyi hərracda gözlənilməz qiymətə satılaraq, daha bir rekorda imza atıb və indi hərracda satılan ən bahalı yeni avtomobil hesab olunur.

Yeganə nüsxədə buraxılmış hiperkarın 4,2-5,5 milyon avro qiymətləndirilməsinə baxmayaraq, hiperkar 9 792 500 avroya satılıb - bu məbləğin bir hissəsinin xeyriyyəçiliyə yönəldiləcəyi vəd edilir.

Adi Chiron hiperkarları 3,5-4 milyon avroya satılırlar, lakin Profilée indeksli hiperkarın unikallığı qiymətin formalaşmasında böyük rol oynayıb. Bu, Bugatti markasının müasir tarixində sabit spoylerə malik olan yeganə və salon tərtibatında toxunma dəridən istifadə olunan ilk hiperkardır.

Image alt Image alt Image alt Image alt Image alt

Kupe xüsusi sifarişlə hazırlanmış Argent Atlantique rənginə boyanıb. Aşağı perimetr boyu vurulmuş karbon elementlər Bleu Royal çalarına rənglənib. Le Patron rəngli təkər diskləri də sifarişlə hazırlanıb.

Chiron Profilee 1500 at qüvvəsi və 1600 Nm hasil edən dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriki ilə təchiz edilib. Güc aqreqatı yeddi pilləli “robot” ilə tandemdə çalışır. Hipirkar yerindən 100 km/saat həddinə 2,3, 200 km/saata isə 5,5 saniyəyə sürətlənir. Maksimum sürət - 380 km/saatdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.