Dünyada yeganə nüsxədə mövcud olan Lotus Evora E414 Hybrid Range Extender prototipi satışa çıxarılıb. Sportkar 150 min funt-sterlinqə qiymətləndirilib. Xatırladaq ki, hibrid sportkar adi Evoda modelinin bazasında inşa edilib və onun yaradılmasına 23 milyon funt-sterliq xərclənib.
Lotus Evora E414 Hybrid hər biri 207 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən iki elektromotorla hərəkətə gəlir. Mühərriklər, hər bir təkərə ötürülən dartma qüvvəsini çevik şəkildə nəzarət etməyə imkan verən fərdi transmissiyaya malikdirlər. Yürüş ehtiyatını artırmaq üçün 1,2-litrlik üçsilindrli turbomühərrikdən istifadə olunur. Bu qreqat 14,4 kilovat-saatlıq batareyaları doldurmaqla vəzifələndirilib.
Hibrid sportkar 60 mil/saat (97 km/saat) həddinə 4,4 saniyəyə sürətlənir. Qarışıq rejimdə Evora hibridinin yürüş ehtiyatı 483 kilometr təşkil edir. Sportkar robotlaşdırılmış ötürmələr qutusunun pillələrinin dəyişdirilməsini imitasiya edən sükanaltı dəstəklər, daxili yanacaq mühərrikinin simulyasiyaı və enerjinin rekuperasiyası sistemləri ilə təchiz edilir.
Bundan başqa, Lotus Evora E414 Hybrid sportkarı Harman firması ilə birlikdə hazırlanmış HALOsonic sistemi ilə də təchiz edilib. Bu sistem, piyadaların sürəti və hərəkət trayektoriyasından asılı olaraq xarici səs sintezatorunun yüksəkliyini tənzimləyir. HALOsonis 75 km/saat həddinə qədər sürətlərdə çalışır və avtomobilin önündəki 60 metrlik məsafəyə nəzarət edə bilir.
Hibrid sportkar üç il bundan öncə britaniya markasının həvəskarlarından biri olan Stüart Monumet adlı iş adamına satılıb. Monument şirkətin keçmiş əməkdaşlarını toplayaraq avtomobili bərpa edib.