Yeni Audi A3 modelinin salon örtüyünün 89 faizi təkrar emal edilmiş xammaldan alınmış materialdan hazırlanıb. Bu materialın istehsalı üçün plastik şüşələr əvvəlcədən xırdalanır və eynicinsli kütlə şəklində əridilərək, ipliyin əsasını təşkil edən qranulyat alınır.
Dördüncü nəsil Audi A3 ilk dəfə təkrar emal edilmiş plastikdən alınmış ekoloji cəhətdən təmiz örtük ilə təqdim ediləcəkdir. Şirkətin hesablamalarına görə, hər oturacaq dəsti üçün 45 ədəd 1,5 litrlik şüşə, daha 62 ədədi isə döşəmənin örtüyünün istehsalı üçün tələb olunur. Yan panellər və baqaj döşəməsi, həmçinin kilimlər də təkrar emal edilən materiallardan hazırlanır.
Şirkətdən verilən məlumata görə, əsas məqsəd təkrar emal olunan materialların həcmini 100 faizə çatdırmaqdır. Yeni növ örtüklərin işlənməsinə cavabdeh olan bölmə artıq belə bir parçanın yaradılmasına yaxınlaşıb - örtük, tamamilə yenidən istifadə olunmasına imkan verəcək qatışıqsız materialdan ibarət olacaqdır. Uzun müddətli perspektivdə, təkrar emal olunan salonlar Ingolstadtda buraxılan bütün nəqliyyat vasitələrində tətbiq ediləcəkdir.
Avtomobil sanayesində tətbiq edilən yeni ekomaterialların istehsalı üçün plastik və hətta orqanik materialların istifadəsi artıq adi hala çevrilib. Belə ki, Polestar şirkəti balıqçılıq torlarından biyokompozit və Parça toxuma təcrübəsini aparır, Ford qəhvə qabıqları ilə plastiki möhkəmləndirir, pomidorun qabığından, budaqlarından və toxumlarından parçalar hazırlayır, Mercedes-Benz bələdiyyə tullantılarından təkrar emal edilmiş polimerin perspektivlərini qiymətləndirir.