Audi şirkəti Paris avtosalonunda yeni nəsil Q3 krossoverini geniş kütlə qarşısında nümayiş etdirib. Yeni model tamamilə yeni eksteryer və interyer dizaynına malik olub. Yeni krossover sələfinə nisbətən daha geniş iç məkanı təklif edir. Bundan başqa, yeni krossover ən müasir 12,3-düymlük virtual cihazlar paneli ilə təchiz edilir.
MQB modul platformasında inşa edilmiş Audi Q3 modelinin qabarit uzunluğu 4485 millimetr, eni - 1856 millimetr, hündürlüyü isə 1585 millimetrdir. Krossoverin təkər bazasının uzunluğu 2680 millimetrdir. Beləliklə, yeni Q3 sələfindən 97 millimetr uzun, 25 millimetr enli və 5 millimetr alçaqdır. Oxlar arasında məsafə isə 77 millimetr artmışdır. Bunun sayəsində arxa cərgədəki məkan daha geniş olubdur.
Üstəlik, arxa cərgəni 150 millimetr irəli-geri hərəkət etdirmək mümkündür. İkinci cərgənin oturacaqlarının kürək hissəsi yeddi vəziyyətdə tənzimlənə bilir. İrəli çəkilmiş oturacaqlar baqajın həcmini 675 litr edir, onları qatladıqda isə bu rəqəm 1525 litrə çatır. Baqaj qapısı elektrik ötürməsinə malikdir və toxunuşsuz açılır.
Krossover dörd mühərrik ilə təklif ediləcəkdir - üç benzin və bir dizel. Q3 standart olaraq 150 at qüvvəli 1,5-litrlik dörd silindrli turbomühərrik ilə təklif ediləcəkdir. Bu mühərrik böyük gücə tələbat olmadıqda silindrlərin yarısını söndürmə funksiyasına malikdir. Eyni zamanda 190 və 280 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərriklər də təklif olunacaqdır. Yeganə 2,0-litrlik dizel mühərriki 150 at qüvvəsinə malikdir. Standart modifikasiya istisna olmaqla bütün modifikasiyalar tam çəkiş sistemi və yeddi pilləli iki muftalı robotlaşdırılmış qutu ilə təchiz ediləcəkdirlər.
Yeni Audi Q3 standart olaraq 10,25 düymlük rəqəmsal cihazlar paneli ilə təklif ediləcəkdir. 12,3-düymlük paneli əlavə ödənişlə sifariş etmək olar. Krossoverin təchizatına 8,8 - 10,1 düym arasında diaqonala malik ekran olan multimedia sistemi, smartfonların induksion doldurulması sistemi, iki USB-port, 15 dinamikli 680 vattlıq Bang&Olufsen səs sistemi, avtomatik parklayıcı, dairəvi görüntü sistemi, adaptiv kruiz-kontrol, LED işıq texnikası və adaptiv asqı daxildir.
İlkin olaraq satışa krossoverin xüsusi «start» modifikasiyası çıxacaqdır. Bu modifikasiyanın təchizatına S line idman asqısı, 20-düymlük təkər diskləri, matrisa tipli işıqdiodlarından fənərlər və qara radiator barmaqlığı daxildir. Avtomobilin salonunda alkantara ilə üzlənmiş idman oturacaqları quraşdırlacaqdır. Bu avtomobillər boz və narıncı rəngində kuzova malik olacaqdırlar.
Modelin istehsalı Macarıstanda yerləşdiriləcəkdir. İkinci nəsil Audi Q3 modelinin Avropadakı satışlarına noyabr ayında başlanacaqdır.