Hazırda Audi şirkəti «qaynar» S7 Sportback modelinin təqdimatını hazırlayır. Lakin, bu günlərdə cəsuslar Nürburqrinqdəki «Nordşlyayfe»də 55 TFSI emblemini daşıyan maraqlı prototipə rast gəliblər. Ən maraqlısı odur ki, prototipin üzərində 55 TFSI yazılmasına baxmayaraq, səsboğucu sistemin oval formalı çıxış boruları qarşımızda yeni nəsil Audi RS7 Sportback modelinin prototipinin olduğunu söyləyir.
Bundan başqa, iri ölçülü təkər diskləri və genişləndirilmiş təkər tağları da avtomobilin genişlənmiş təkər izindən xəbər verir. Kamuflyaj edilmiş ön bamper seriya detalından xəbər versə də, yeni çıxış borularına uyğunlaşdırılmış arxa bamper mülahizəmizin doğru olduğundan xəbər verir.
YouTube kanalındakı Automotive Mike adlı istifadəçi öz səhifəsində sınaqların videoçarxını da yayıb. Bu çarxdakı mühərrik səsi, yeni «bərkgedən» liftbekin son nəsil Porsche Panamera Turbo modelinin 4,0-litrlik V8 turbomühərriki ilə təchiz ediləcəyini göstərir. Çox güman ki, RS7 Sportback 650 at qüvvəsinə sahib olacaqdır. Əgər model Panamera Turbo S E-Hybrid modelinin mühərrikinə malik olarsa, bu rəqəm 700 at qüvvəsi də ola bilər.
Çox güman ki, yeni nəsil Audi RS7 Sportback modeli 2019-cu ilin sonlarında debüt edəcəkdir.