Bentley markasının model çeşidində olan cari Flying Spur modeli faktiki olaraq Continental GT modelinin dördqapılı variantıdır. Continental GT kupe və kabrioletinin bir müddət bundan əvvəl nəsil dəyişdiyini nəzərə alsaq, Flying Spur sedanın da yeni nəslinin debütünün yaxın olduğunu söyləmək olar.
Bu gün Bentley şirkəti yeni sedanın ilk tizerini yayaraq, mühərrik bölümünün daxilindən üzə çıxan qanadlı “B” fiqurunun nümayiş olunduğu videoçarxı da nümayiş etdirib. Yeni sistem, avtomobilin piyada təhlükəsizliyini artırmağa yardım edəcəkdir. Əvvəllər belə sistemə Rolls-Royce modellərində rast gəlmək olardı.
Əslində yeni Flying Spur gözlənilməyən heç nə təklif etməyəcəkdir. Yeni sedan Continental GT modeli kimi Porsche Panamera modeli ilə ümumi platformaya keçəcəkdir. Bu, ön çıxışın qısa olacağından, modelin siluetinin daha sürətli görünəcəyindən, həmçinin sedanın preselektiv “robota” və ön öxda muftası olan qoşulan tam çəkiş sistemi ilə təchiz ediləcəyindən xəbər verir.
Mühərrik çeşidinə daxil olacaq aqreqatlar isə məlumdur: ilkin olaraq, sedan 635 at qüvvəsi və 900 Nm hasil edən 6,0-litrlik W12 turbomühərriki ilə təchiz ediləcəkdir. Sonradan mühərrik çeşidinə 550 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbomühərriki daxil ediləcəkdir. Şayiələrə görə, yeni Bentley Flying Spur sedanı Porsche Panamera 4 E-Hybrid modelinin hibrid güc aqreqatı ilə də təchiz edilə bilər. Üstəlik, bu modifikasiyanın qoşulan hibrid olması ehtimalı da vardır.
Söylənilənlərə görə, yeni Bentley Flying Spur modeli yaxın zamanlarda işinə başlayacaq Nyu York və Şanxay avtosalonlarında debüt edə bilər.