Hazırda BMW 2 Series modelləri ön ötürməli platformaya əsaslanırlar - bunlar Active Tourer və Gran Tourer kompaktvenləri, habelə Gran Coupe sedanıdır. Buna baxmayaraq BMW 2 Series kupesi klassik quruluşunu qoruyacaqdır! Kupenin yeni nəslinin final sınaqlarına başlanıb, şirkət isə kamuflyaja bürünmüş prototipin sınaqlar zamanı çəkilmiş şəkillərini yayımlayıb.
Konseptual olaraq, 2 Series kupesi dəyişməyəcək: bu, dörd nəfərlik salonu, uzununa yerləşən mühərriki, əsas arxa ötürməsi və çəkinin oxlar arasında ideal paylanması (50:50) olan kiçik və çevik ikiqapılıdır. Dizayndakı dəyişikliklər barədə danışmaq hələlik tezdir, ancaq "ikilik" mütləq daha böyük "burun dəliklərinə" və qalxan dəstəyi olan qapı tutacaqlarına sahib olacaqdır.
Kupenin kuzovunun burulmaya qarşı sərtliyi 12% artıb, təkər izi daha geniş olub və avtomobilin aerodinamikası daha effektiv hala gəlib: ön oxdakı qaldırma qüvvəsi yarıya endirilib. Standart asqı amplitudadan asılı amortizatorlara malikdir, opsional M-şassisi isə elektronika ilə idarələnən adaptiv amortizatorlara sahib olub.
Ən populyar versiyalar dördsilindrli turbomühərriklər ilə təklif ediləcəkdirlər. “Mülki” çeşidin zirvəsində sıralı altısilindrli turbomühərriklə hərəkətə gələn M240i xDrive versiyası yerləşəcəkdir. 3,0-litrlik mühərrikin gücü 340-dan 374 at qüvvəsinə qədər artırılacaqdır. Transmissiya - səkkiz pilləli "avtomat"dır. Tam ötürmə sistemi ön oxdakı muftaya və elektronika tərəfindən idarə edilən arxa differensial kilidinə malikdir.
Yeni BMW 2 Series kupesinin istehsalına avqust ayında başlanmalıdır. Kupenin rəsmi təqdimatı yaxın vaxtlarda keçiriləcəkdir.