Ötən ilin yazında təqdim edilmiş yeni nəsil BMW 5 Series sedanı (G60) tədricən yeni modifikasiyaları əldə edir. Benzin və dizel modelləri ilə yanaşı i5 elektromobili, onun ardınca isə Çin üçün nəzərdə tutulmuş uzunbazalı versiya (kod G68) buraxılıb. İndi modifikasiya çeşidi iki təkrar doldurulan hibrid – BMW 530e və BMW 550e xDrive genişləndirilib.
530 indeksli hibrid sedan yalnız arxa ötürməyə malikdir. Kapotun altında 184 at qüvvəsi və 250 Nm hasil edən yeni nəsil elektrik mühərriki (əvvəlki modeldə 109 at qüvvəsi və 265 Nm) ilə tandemdə işləyən B48 seriyasından olan 190 at qüvvəsi və 310 Nm hasil edən 2.0-litrlik “turbodördlük” quraşdırılıb.
Transmissiya səkkiz pilləli ZF avtomatik ötürmələr qutusudur. Hibrid güc qurğusunun ümumi hasilatı 299 at qüvvəsi və 450 Nm təşkil edir. Döşəmənin altında quraşdırılmış dartma batareyasının tutumu 19,4 kilovat/saatdır, elektrik rejimində pasport üzrə yürüş ehtiyatı 93-103 kilometrdir (WLTP). Sedan elektrik dartması 140 km/saata qədər sürətlənə bilir.
Hibridin 100 km/saata sürətlənməsi 6,3 saniyə çəkir ki, bu da əvvəlki nəsil 292 at qüvvəsinə malik olan G30 sedanındakından hətta 0,4 saniyə çoxdur. Bunun günahkarı avtomobilin nəzərəçarpacaq dərəcədə artmış kütləsidir. Əvvəlki nəsil BMW 530e ilə müqayisədə yeni sedan demək olar ki, 250 kiloqram (1845-ə qarşı 2080) ağırlaşıb.
BMW 550e xDrive versiyası tam ötürmə və 3,0-litrlik sıralı B58 “turboaltılıq”(313 at qüvvəsi, 450 Nm) malikdir. Onun elektrik mühərriki daha məhsuldardır - 197 at qüvvəsi və 280 Nm. Sistemin ümumi hasilatı 489 at qüvvəsi və 700 Nm fırlanma anıdır.
Dartma batareyasının tutumu kiçik hibriddəkindən (19 kilovat/saat) bir qədər azdır və bu 83-90 kilometr (WLTP) məsafə qət etmək üçün kifayət edir. Bu versiya 100 km/saat həddinə 4,3 saniyəyə sürətlənir, maksimal sürət isə elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.
“Yumşaq” BMW 520i və 520d hibridləri ilə müqayisədə, təkrar doldurulan versiyaların standart təchizatı bir qədər genişləndirilib. Onlar 19 düymlük təkər diskləri, həmçinin BMW Iconic Sounds Electric elektromobil sistemi (salonda daxili yanma mühərrikinin səsini imitasiya edən səs müşayəti) ilə təchiz olunub.
550 indeksli model standart adaptiv asqı və tam idarə olunan şassi ilə təchiz edilir. Hibridlər yalnız 2024-cü ilin əvvəlində satışa çıxarılacaqlar, lakin onların Almaniyadakı satış qiymətləri artıq açıqlanıb: BMW 530e üçün ən azı 65 300 avro, BMW 550e xDrive üçün isə 77 300 avro tələb olunur.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.