BMW “bərkgedən” 2-Series kupesinin qarşıdan gələn təqdimatından əvvəl ona olan marağını artırmağa davam edir. Yeni modelin kamuflyajlı prototipləri artıq dəfələrlə casuslar tərəfindən çəkilib, lakin Bavariya şirkəti M2 modelinin görünüşünü bu günə qədər gizli saxlamağa müvəffəq olub. Gözlənildiyi kimi, ən son rəsmi videoçarx da o qədər də informativ deyil: yeni videoda BMW M2 kupesi çox qısa müddət ərzində görünür - və hətta bu halda belə, uzaqdakı sportkarın sayrışan fənərləri görünür.

Artıq məlum olduğu kimi, M GmbH bölməsi bu il yarım əsrlik yubileyini qeyd edir. M4 CSL və M3 Touring modelləri ilə yanaşı, bölmə öz yubileyinə daha bir hədiyyə hazırlayıb - bu, BMW M2 kupesidir. Sportkar ənənəvi olaraq daha aqressiv kuzov dəstini almalıdır: bu dəstə yenidən işlənmiş bamperlər, fərqli radiator barmaqlığı, buraxılış sisteminin bir cüt qoşa çıxış borusu olan diffuzor və arxa tərəfdəki spoyler daxil olacaqdır.

Güc aqreqatına gəlincə, çox güman ki, yeni M2 baza versiyasında təxminən 420 at qüvvəsi, M2 Competition variantında isəŞ 450 at qüvvəsi hasil edən 3,0-litrlik altısilindrli turbomühərriki alacaqdır. Müqayisə üçün: M240i xDrive modelinin bugünkü top versiyası 374 at qüvvəsi və 500 Nm fırlanma anına malikdir və yerindən 100 km/saata 4,3 saniyəyə sürətlənir.

Qeyd etmək gərəkdir ki, əvvəlki M2 (F87) modeli 370 at qüvvəsinə (M2 Compretition - 410 at qüvvəsi və M2 CS - 450 at qüvvəsi) malik idi. Növbəti nəsil BMW M2 kupesinin mühərriki səkkiz pilləli “avtomat” ilə tandemdə çalışacaqdır. Ötürmə - arxa oxa olacaqdır.

BMW M2 modelinin təqdimatı 2022-ci ilin sonuna qədər baş tutmalıdır. Avtomobilin istehsalına da cari ilin sonuna qədər başlanmalıdır. Sportkarların istehsalı hazırda adi BMW 2-Series də yığıldığı San Luis Potosi (Meksika) şəhərindəki zavodda təşkil ediləcəkdir. Keçən yaydakı nəsil dəyişikliyinə qədər ikinci seriyadan olan avtomobillər Almaniyanın Leypsiq şəhərində istehsal olunurdular.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.