Xatırladaq ki, Vision Neue Klasse konsepti “BMW özünü yenidən kəşf edir” şüarı altında debüt etmişdi. Tarixi Neue Klasse adı altında elektromobillər ailəsini yaradan BMW şirkəti, altmışıncı illərdə yeni bir fəsil açan və sonrakı modellər üçün bünövrə təşkil edən orta ölçülü "Yeni sinif" sedanlarının (BMW 1500/1600/1800/2000) uğurunu təkrarlamaq niyyətindədir.
Yeni elektrik xəttinin ilki ölçülərinə görə hazırki BMW 3 Series modeli ilə müqayisə edilən sedan olacaq. Bu sedanın carçısı isə, ilin əvvəlində nümayiş etdirilmiş BMW i Vision Dee konsepti olub. İndi isə, qarşımızda onun ikinci iterasiyası dayanır. BMW Vision Neue Klasse sedanı hələ də şou-kardır, lakin o, gələcək seriya avtomobilinə bir neçə addım daha yaxın olub: şüşələrdəki holoqram, kuzovdakı elektroxrom, rəng dəyişdirən örtük və digər fantastik həllər olmadan.
Konseptin uzunluğu 4,7 metr, eni - 2,07 metr, hündürlüyü - 1,41 metr, təkər bazası isə 2,88 metrdir. Xatırladaq ki, hazırkı üçüncü seriyanın təkər bazası 2,85 metrdir. Hələlik bunlar konseptin dərc edilmiş bütün xüsusiyyətləridir, çünki bu mərhələdə əsas diqqət dizayna yönəldilib. Adrian van Hoydonkun komandası BMW markasının əsas tanınan xüsusiyyətlərini bu və ya digər formada qoruyub saxlamağa çalışıblar - bunlar ön tərəfdəki "burun dəlikləri", cütlənmiş gündüz hərəkət işıqları və Hofmeister qövsüdür. Ancaq, eyni zamanda, Vision Neue Klasse kuzovun yeni plastikasına və artan şüşələnmə sahəsinə malikdir. Təkər disklərinin diametri - 21 düymdür.
Dörd ayrı oturacaq quraşdırılmış salon minimalizm ruhunda tərtib edilib və təkrar emal edilmiş materiallar ilə üzlənib. Adi dekorasiya əvəzinə geniş şəkildə konfiqurasiya edilə bilən işıqlandırma, ənənəvi cihazlar panelinin əvəzinə isə, ön şüşənin aşağı sektorunun bütün enini tutan BMW Panoramic Vision displeyi var. Bu displeydə göstərilən məlumatları media sisteminin mərkəzi taçskrinində konfiqurasiya etmək olar. Səslə idarəetmə və əlavə 3D proyektoru da var. Bütün bunlar iDrive sisteminin yeni nəslidir.
Bütün Neue Klasse modelləri 800 voltluq arxitekturaya malik olan növbəti, altıncı nəsil eDrive elektrik texnikası ilə təchiz ediləcəklər. Hazırkı BMW elektromobilləri (məsələn, i4) ilə müqayisədə “Yeni sinif” sedanının enerji səmərəliliyində 25%, yürüş ehtiyatı və batareyanın doldurulma sürətində 30% artım olmalıdır. Batareyadakı enerji sıxlığı 20% daha yüksək olacaq.
BMW Neue Klasse sedanının 2025-ci ildə, ondan dərhal sonra isə, eyni ölçülü krossoverin hazırlanacağı gözlənilir. Bu elektromobillərin istehsalına əvvəlcə Macarıstanda, daha sonra isə Almaniya, Meksika və Çində başlanmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.