Fransız istehsalçısı yeni Bugatti hiperkarının 16-silindrli mühərrik ilə təchiz ediləcəyini bildirib. Bu, unikal sxemli W16 mühərriki deyil, daha sadə V16 quruluşuna malik olan güc aqreqatıdır. Bugatti şirkəti yeni güc qurğusunun səsini eşidə biləcəyimiz videoçarxı dərc edərək, bunu rəsmən təsdiqləyib. Qeyd etmək gərəkdir ki, güc qurğusunun yaradılması Rimac şirkətinə həvalə edilib.

Bugatti hələlik keçən il peyda olan şayiələri rəsmi şəkildə təsdiqləyib, lakin detalları açıqlamayıb. İnsayderlərin bildirdiyinə görə, Chiron hiperkarının varisi Cosworth şirkətinin iştirakı ilə hazırlanmış V16 mühərrikinə əsaslanan hibrid güc aqreqatını alacaq. 

Mühərrikin iş həcminin 8,3 litr, gücünün isə təxminən 1000 at qüvvəsi olacağı ehtimal edilir. Daha 800 at qüvvəsini üç elektrik mühərriki təmin etməlidir. Beləliklə, yeni güc qurğusu hasilat baxımından Bolide prototipinin yarış benzini ilə 1850 at qüvvəsi və 1850 Nm fırlanma anı hasil edən mühərrikinə daha yaxın olacaq.

Həmçinin, yeni hiperkarın “şəffaf cihazlar panelini” alacağı və 250 nüsxəlik tirajla istehsal olunacağı məlumdur. Müqayisə üçün: Chiron hiperkarının tirajı 500 nüsxə ilə məhdudlaşdırılıb, Veyron modeli isə, 450 nüsxəlik tirajla satılıb. Yeni hiperkarın təqdimatı 2024-cü ilin yayında keçirilməlidir. Çox güman ki, artıq avtomobillərin əksəriyyəti satılıb, lakin alıcılar öz hiperkarlarını uzun müddət gözləməli olacaqlar. Bugatti şirkətinin illik istehsal həcmi elə də böyük deyil və adətən sifariş edilmiş hiperkarın hazırlanması iki il çəkir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.