Gəzən saiyələrə inansaq, General Motors konserninin Corvette modelinin yeni nəslinin klassik quruluşda deyil, ortamühərrikli quruluşda buraxmaq niyyətində olduğunu söyləməliyik. Bu barədə söz-söhbətlər artıq bir müddətdir ki, avtomobil jurnalistlərinin müzakirə obyektinə çevrilib. Bildiyimiz kimi, ilk Corvette avtomobilinin buraxıldığı 1953-cü ildən bu günə qədər, Şimali Amerikada çox populyar olan sportkar klassik quruluşda - öndə yerləşən mühərrik və arxadan çəkişli ötürmə ilə biraxılırdı. Lakin, artıq amerikalılar Corvette C8 sportkarını örtamühərrikli sxem üzrə hazırlamaq niyyətindədirlər.
Bir müddət bundan əvvəl, yeni nəsil Corvette avtomobilinin prototipinin sınaqlarına başlanmışdır. Yeni sportkarın prototipini görən jurnalistlər avtomobilin örtamühərrikli sportkar təsirini bağışladığını bildirmişdilər. Eyni zamanda General Motors əməkdaşlarından biri, yeni quruluşa keçmənin əsas səbəblərindən birinin klassik quruluşda olan sportkarı yaxşılaşdırmaq imkanlarının bitməsi olduğunu bildirmişdir.
Böyük ehtimalla, yeni ortamühərrikli Corvette sportkarının rəsmi təqdimat mərasimi 2018-ci ildə Detroytda keçiriləcək NAIAS (North American International AutoShow) sərgisində baş tutacaqdır.
Söylənilənlərə görə, yeni sportkar 450-500 at qüvvəsinə malik olan V8 və 600 at qüvvəsindən çox gücü olan ikiqat turbokompressorlu V8 mühərriki ilə təchiz ediləcəkdir.