Əfsanəvi Lamborghini Countach modelinin varisi sayılan yeni Counatch LPI 800-4 superkarı ətrafında cərəyan edən hadisələrin ardı arasaı kəsilmir. Dünən italyan markası yeni hibrid superkarının üç tizerini dərc edərək, bəzi məlumatlarla bölüşmüşdük. Xatırladaq ki, yeni Countach modelinin təqdimatı 15 avqustda, Pebbl-Biçdə keçiriləcək Zəriflik Müsabiqəsində baş tutmalıdır.
Lakin, təqdimata iki gün qalmış Countach LPI 800-4 modelinin dizaynı üzərindən sirr pərdəsini götürən şəkillər İnternet şəbəkəsində peyda olub. AutoExpress nəşrinin dərc etdiyi şəkillərin keyfiyyəti aşağı olsa da, yeni superkarın dizaynını açıqlamaq üçün kifayətdir. Doğrudur, şəklin həqiqiliyi şübhə altına alanlar da tapıla bilər, lakin dünən dərc edilmiş tizerlər qarşımızdakı şəkillərin həqiqiliyini qismən də olsa təsdiq edir.
Beləliklə, dərc edilmiş şəkillərdən göründüyü kimi, əfsanəvi Countach modelinin varisinin dizaynı demək olar ki, orijinal modeli xatırladır. Çox güman ki, yeni superkar üzə çıxan ön fənərlərdən məhrum ediləcəkdir, lakin Countach LPI 800-4 modelinin ön işıq texnikasının dizaynı orijinal modelin qabarait işıqları ilə eyni formaya malikdirlər. Digər bənzər elementlər arasında yan tərəfdəki üçbucaqlı formasında olan hava girişləri, trapesiyaşəkilli haşiyəyə malik olan arxa fənərlər və mühərrik bölməsinin özünəməxsus dizaynı olan qapağı da var.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.