İspan Cupra markası “bərkgedən” Formentor VZ5 krossoverini təqdim edib. Yeni model sinifdəki ən sürətli krossoverə çevrilib: Formentor VZ5 modelinin elan edilmiş sürətlənmə dinamikası, ondan güclü olan Audi Q3 RS və Mercedes-AMG GLA 45 S modellərindən daha yaxşıdır.
Cupra Formentor krossoveri Volkswagen Tiguan modeli ilə eyni sinifdədir, lakin güc və avadanlıq baxımından Formentor modelinin top versiyası premium krossoverlər ilə rəqabət apara bilər. Onun sirri sadədir: Formentor VZ5 modelinin kapotunun altında əvvəllər yalnız Audi RS xəttində quraşdırılan 2,5-litrlik beşsilinrli EA855 Evo turbomühərriki yerləşir!
Cupra Formentor VZ5 modeli üçün aqreqatın hasilatını 390 at qüvvəsinə və 480 Nm-ə endiriblər. Bununla belə, digər istiqamətlərdə heç bir güzəşt yoxdur: transmissiya 7-pilləli preselektiv DSG “robotu”dur və arxa oxda çoxdiskli muftası olan tam ötürmə sistemi də var.
Asqı sistemi də yenidən tənzimlənib: Formentor VZ5 modelinin klirensi on millimetr azaldılıb, adaptiv elektron idarəetməli amortizatorlar, dəyişkən nisbətli sükan mexanizmi və daha güclü altı porşenli ön əyləc supportları standart təchizata daxildir.
Cupra şirkətindən Formentor VZ5 modelinin 100 km/saat həddinə 4,2 saniyəyə sürətləndiyini, onun maksimal sürət həddinin sə 250 km/saatda məhdudlaşdırıldığı bildirilib. Daha güclü 421 at qüvvəli (500 Nm) Mercedes-AMG GLA 45 S modeli bu işə 4,3 saniyə, “qohum” Audi Q3 RS krossoveri isə 4,5 saniyə sərf edir. İspan krossoveri ilə eyni sinifdə olan digər rəqibləri isə ondan daha yavaşdırlar.
Zahiri cəhətdən, Formentor VZ5 modelini buraxılış sisteminin bir-birinin üzərində olan çıxış boruları, 20-düymlük təkər diskləri, mis vurğuları və bənzərsiz Taiga Grey kuzov rəngi sayəsində tanımaq olar. İnteryerdəki ən ciddi dəyişiklik - güclü dəstəyə malik olan idman oturacaqlarıdır. Qalan fərqlər - xüsusi dekor və cihazlar panelinin qrafikasından ibarətdir.
Cupra şirkəti Formentor VZ5 modelinin tirajını yeddi min nüsxə ilə məhdudlaşdıracaqdır. “Bərkgedən” krossoverin Avropadakı satışlarına 2021-ci ilin dördüncü rübündə start veriləcəkdir, buna görə də, qiymət siyahısı daha sonra açıqlanacaqdır.
Şübhə yoxdur ki, Formentor VZ5 modeli Cupra markasının model xəttindəki ən bahalı modeli olacaqdır. Buna baxmayaraq, ispan krossoveri Almaniyada qiyməti 64 min avrodan başlayan Audi RS Q3 modelindən daha ucuz olacaqdır.