Fransanın Largus saytında ikinci nəsil Dacia Duster modelinin interyerinin şəkilləri dərc edilsə də, sonradan bu şəkillər modelə həsr edilmiş məqavələdən silinmişdir.
İstehsalçı avtomobilin salonunun rəsmi şəkillərini dərc etməyib. Dacia şirkəti bir neçə gün bundan öncə ofroderin xarici görkəmi üzərindən sirr pərdəsini götürmüşdü. Əldə edilən şəkillərdən göründüyü kimi, Duster tamamilə yeni interyerə sahib olub. Ofroder yeni sükan çarxını və sürücüyə tərəf çevrilmiş mərkəzi konsolu əldə edib.
Bundan başqa, ön panelin mərkəzində yerləşdirilmiş havalandırma sisteminin üç yumru deflektorunu, bahalı modifikasiyalar üçün nəzərdə tutulan, iri displeyi və sensorlu düymələri olan multimedia sistemini və üç ekran-haldası olan klimat-kontrol sistemini görmək olar. Qabaq sərnişinin önündə olan rəfi də nəzərədən qaçırmamaq gərəkdir.
İstehsalçı yeni modelin alın şüşəsinin 100 millimetr önə çəkildiyini və onun işıqdiodlarından hazırlanmış optikaya sahib olacağını bildirib. Eyni zamanda, krossover üçün 17-düymlük təkər disklərini də sifariş etmək mümkün olacaq. Avtomobil haqqında ətraflı məlumat 12 sentyabr tarixində veriləcəkdir.
Renault və Dacia markaları altında buraxılan ofroderin Avropa bazarındakı satışlarına gələn ilin əvvəlində start veriləcəyi ehtimal olunur. Əvvəl dırc edilmiş məlumatlarına əsasən, ofroderin ikinci nəsli modernləşdirilmiş B0 platformasında yığılacaqdır. Eni zamanda, avtomobilin Grand Duster adını alacaq yeddi yerlik variantı da təklif ediləcəkdir. Bu modifikasiya adi krossoverdən 200 millimetr uzun olacaq və üçüncü cərgənin oturacaqlarının qatlanması halında 650 litrlik baqaj bölümünə malik olacaqdır. Satışlar başlanan anda, yeni 5-yerlik ofroder bir neçə əlverişli güc aqreqatları ilə təklif ediləcəkdir.
İkinci nəsil Duster modelinin mühərrik çeşidinə 0.9 TCe və 1.2 TCe benzin mühərriklərinin, həmçinin 1.5 dCi və 1.6 dCi dizel güc aqreqatlarının daxil ediləcəyi söylənilir. Adı çəkilən mühərriklərin güc xarakteristikaları açıqlanmamışdır. Mühərriklər mexaniki və avtomatik ötürmələr qutuları ilə təchiz ediləcəkdirlər.