Bir neçə gün bundan öncə, Renault şirkətinin Rusiya nümayəndəliyi Rusiya və müvafiq olaraq bizim bazarda satılacaq yeni nəsil Duster modelinin eksteryer şəkillərini dərc etmişdi. Lakin, nümayəndəlik avtomobilin interyeri üzərindəki sirr pərdəsini götürməyib. Bu gün "Rossiyskaya Gazeta" nəşri bu çatışmamazlığı aradan qaldıraraq, yeni krossoverin interyer şəkillərini paylaşıb.
Yeni Renault Duster modelinin interyer dizaynı, Rusiyada istehsal edilən və bizim bazarda da satılan Arkana modelindən götürülüb. Fərqlər də mövcuddur - Duster modeli daha sadə tərtibatı olan ön panelə və fərqli qapı kartlarına malikdir. Sükan çarxı, cihazlar panelinin dizaynı, hava deflektorları və mərkəzi tunel hər iki modeldə eynidır.
Dərc edilmiş şəkillərdə həm mexaniki, həm də avtomatik transmissiya ilə təchiz edilmiş versiyalar təsvir olunur. Bundan başqa, çoxsaylı analoq idarəetmə elementləri və multimedia sisteminin planşet ekranı olan versiyası da göstərilir.