Volvo Cars şirkətinin strategiyası 2030-cu ilə qədər tamamilə elektrik ötürməsinə keçməyi nəzərdə tutur. Üstəlik, 2025-ci ildə batareyalı avtomobillərin ümumi istehsal həcmindəki payı 50 faizə çatmalıdır. Yeni daxili yanma mühərrikləri üzərində işlər artıq dayandırılıb - istehsalçı yalnız mövcud olan aqreqatların modernləşdirməsinə davam edəcəkdir.
Eyni zamanda, Volvo şirkəti yeni elektromobillər ailəsini hazırladığını bəyan edib . Yeni ailənin ilk üzvü 2022-ci ildə debüt edəcək üçüncü nəsil Volvo XC90 krossoveri olacaqdır. Yeni ailənin carçısı isə Volvo Concept Recharge elektromobili olub.
Bununla birlikdə, yeni konsept yalnız kompüter təsvirləri şəklində mövcud olduğundan, onun ölçüləri və texniki xüsusiyyətləri açıqlanmayıb. Yeganə məqsəd enerji yükləmədən dolu batareya ilə (uzunmüddətli perspektivdə) 1000 kilometr məsafə qət etməkdir. Ancaq Robin Peycin rəhbərlik etdiyi dizayn qrupu yeni firma üslubunu yaradıb.
Elektrik konseptinin əsas xüsusiyyətləri sərnişin bölməsinin döşəməsinin altında böyük batareyanı yerləşdirmək üçün nəzərdə tutulan uzadılmış təkər bazası, alçaq kapot və radiator barmaqlığı yerində quraşdırılmış bağlı paneldir. Bununla birlikdə, isveç markasına xas olan cizgilər qorunub saxlanılıb. Bunlar "Torun çəkici" şəklində olan ön fənərlər və arxa işıq texnikasının uzun şaquli bölmələridir.
Alın şüşəsinin yuxarı hissəsində, gələcəkdə seriya Volvo avtopilotunun ayrılmaz hissəsinə çevriləcək lidar quraşdırılıb. Bu avtopilotu alan ilk Volvo avtomobili yeni nsəil XC90 krossoveri olacaqdır. Lidar Luminar firması, avtopilot üçün prossesor isə Nvidia şirkəti tərəfindən təmin ediləcəkdir. İdarəetmə proqramı isə Volvo tərəfindən 2020-ci ildə yaradılan törəmə Zenseact müəssisəsi tərəfindən hazırlanacaqdır.
Elektromobilin salonu rəvan döşəməyə malikdir, buna görə də, nəzəri olaraq oturacaqların, konsolların və qol dayaqlarının yerləşdirilməsi və düzülüşü istənilən şəkildə ola bilər. Ön paneldəki mərkəzi yeri, Android Automotive OS əməliyyat sisteminə malik olan multimedia sisteminin 15-düymlük displeyi tutacaqdır. Xatırladaq ki, belə əməliyyat sistemi artıq Volvo markasının seriya modellərində tətbiq edilir.
İsveçin Northvolt şirkətinin 2024-cü ildən etibarən gələcək Volvo modelləri üçün dartma batareyalarının tədarükçüsü olacağı bildirilib. 2026-cı ildə tərəfdaşlar Avropada ortaq batareya istehsal edən zavodu açmaq niyyətindədirlər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.