Cadillac şirkəti yeni nəsil Escalade ətrafında tüğyan edən ehtirasları qızışdırmağa başlayıb. Avtomobilin eksteryer və interyerinin cəsus şəkillərinin ardınca, amerikan şirkəti yeni ofrouderin ilk tizerini dərc edib.
Tizerdə avtomobilin ön panelində quraşdırılmış 38 düymlük qövsvari səthə malik olan displey təsvir olunub. Demək olar ki, ön panelin əksər hissəsini tutan iri displeyin bir hissəsini virtual cihazlar paneli təşkil edəcəkdir.
Marka nümayəndələrinin bildirdiyinə görə, yeni displeydəki piksellərin sıxlığı müasir 4K televizorlarında olduğundan iki dəfə yüksək olacaqdır. Bu isə, «avtomobil sənayesində ən geniş rəng diapazonuna malik olan» ekran deməkdir. Elektron panel haqqında başqa məlumat verilməyib.