Yeni Ford Bronco modeli bu ilin ən gözlənilən avtomobillərindən biridir desək, yanılmarıq. Ford şirkətinin bu addımı atması üçün uzun müddət tələb olunub. Xatırladaq ki, avtomobilin konseptual variantı 2004-cü ildə göstərilmişdi. Hətta, onun seriyaya gedəcəyi rəsmi təsdiqləndikdən sonra, istehsala başlamaq planları bir neçə dəfə təxirə salınmışdı. Əvvəlki Bronco ofrouderinin buraxılmasına 1996-cı ildə son verilmişdi - modelin istefaya göndərilmə səbəblərindən biri üçqapılı ofrouderlərin populyarlığının aşağı düşməsi idi.
Buna baxmayaraq, Bronco modelinin altıncı nəsli belə bir modifikasiyaya sahib olub. Ən əsası odur ki, Bronco tarixdə ilk dəfə olaraq beşqapılı kuzovla təklif ediləcəkdir.
Yeni ofrouderin dizaynı altmışıncı illərin ortalarında debüt edən və yığcam ölçülərə malik olan birinci nəsil Bronco ofrouderindən ilhamlanaraq yardılmışdır: orijinal Bronco modelinin dizayn üslubunu kuzovun xarakterik cizgiləri və nisbətləri, işıq texnikasının forması, həmçinin ön və arxa tərəfin ümumi arxitekturası xatırladır. Ancaq, sələfindən fərqli olaraq yeni Bronco radiator barmaqlığında istehsalçının adı deyil, öz adını daşıyır. Xrom bolluğu isə, yerini boyanmamış plastikdən hazırlanmış çoxsaylı detallara verib.
Ford Bronco Jeep Wrangler modelinin birbaşa rəqibi olduğu üçün, bənzər transformasiya imkanlarını təklif edir. Yeni ofrouderin yalnız dam hissələrini deyil, həm də çərçivəsiz qapılarını da çıxarmaq mümkündür. Ədalət naminə qeyd etmək lazımdır ki, Bronco modelinin bütün nəsillərində bu və ya digər dərəcədə belə transformasiya imkanları təklif olunurdu.
Yeri gəlmişkən, çıxarıla bilən qapılar baqajda yerləşdirilir ki, bu da pis hava şəraitində onları yeyin şəkildə yerlərinə quraşdırmağa imkanı verir. Wrangler modelinin sahibi isə, iri qapılari qarajda saxlamaq məcburiyyətindədir. Beşqapılı Bronco ofrouderi standart olaraq yumşaq dam ilə təklif edilsə də, üçqapılı versiya yalnız sərt dam ilə təchiz edilir.
Avtomobilin interyeri də ofrouderlərə uyğundur: ön paneldə, mərkəzi tuneldə və gövdənin orta sütunlarında sərnişinlər üçün tutacaqlar mövcuddur, lakin gərək olduqda onları açmaq da olar. Oturacaqların xüsusi üzlüyü, düymələrin və idarəetmə qurğularının hidroizolyasıyası, həmçinin döşəmədəki drenaj dəlikləri salonu su çırnağı ilə yüməyə imkan verir.
Yeni Bronco, müasir ənənələrə uyğun olaraq, 8 və ya 12 düymlük displeyi olan multimedia sisteminə, transmissiyanın şayba-selektoruna və mühərriki işəsalma düyməsinə sahibdir. Ön paneldə qadcetlər üçün standart bərkitmə nöqtələri nəzərdə tutulmuşdur.
Ford Bronco iki benzin mühərriki ilə təklif olunur. Standart olaraq, ofrouder 7-pilləli mexaniki və ya 10-pilləli avtomatik ötrümələr qutusu ilə birlikdə çalışan 273 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 2,3-litrlik dördsilindrli EcoBoost turbomühərriki ilə təchiz edilir.
Alternativ olaraq, 314 at qüvvəsinə və 542 Nm fırlanma anına malik olan 2,7-litrlik V6 EcoBoost mühərriki təklif edilir. Bu aqreqat yalnız 10-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.
Üstəlik, Ford, iki tam ötürmə sistemindən birini seçməyi təklif edir. Bu sistemlər aşağı pillələr cərgəsinin ötürmə əmsalı (2.72 və ya 3.06) ilə fərqlənirlər. Bundan əlavə, şirkət yeni Bronco modelinin bir tondan yarımdan çox ağırlığı olan qoşqunu yedəyə ala biləcəyini qeyd edib.
Janrın qanunlarına görə, Bronco, Ford Ranger pikapı ilə unifikasiya edilmiş rama konstruksiyasına malikdir. Lakin, Jeep Wrangler modelində hər iki oxda bütöv körpülər mövcuddursa, Bronco modelində belə körpü yalnız arxa tərəfdə quraşdırılıb. Ön asqı - tam müstəqildir. Üçqapılı ofrouderin klirensi beşqapılı versiyada olduğundan bir qədər çoxdur - 211 millimetrə qarşı 213 millimetr.
Bununla belə, baza və məhdud saylı Fist Edition modifikasiyaları da daxil olmaqla, yeddi təchizat səviyyəsində təklif edilən ofrouderlər üçün xüsusi Sasquatch off-road dəsti əlçatan olacaqdır. Bu dəstə, xarici diametri 35 düym olan palçıq təkərləri, yenidən işlənilmiş asqı və differensialların kilidləri və 56 millimetr artırılmış klirens daxildir.
Amerikada, Ford Bronco modelinə ilkin sifarişlərin qəbuluna artıq başlanılmışdır: yeni ofrouderin ilk sahiblərindən biri olmaq üçün 100 dollarlıq beh vermək kifayətdir. Qiymətlər 28.500 dolardan başlayır. Xatırladaq ki, Bronco modelinin əsas rəqibi Jeep Wrangler modelinin qiyməti 28.300 dollardan başlayır.
Seriya avtomobillərin çatdırılmasına 2021-ci ilin yazında başlanacaqdır.