Növbəti nəsil Ford Explorer modelinin bazasında inşa olunmuş yeni təqib avtomobili ABŞ-ın ən yeyin polis avtomobili olub. Bu barədə istehsalçı özü xəbər verib. Bununla belə, Ford şirkəti mühərrikin gücü və avtomobilin dinamik xarakteristikaları barədə məlumat verməyib. Yeganə məlum olan polis avtomobilinin maksimal sürətidir – 211 km/saat.
Şayiələrə görə, Ford Police Interceptor Utility 3,0-litrlik V6 EcoBoost turbomühərrikinin bazasında yaradılmış və xüsusi olaraq polis üçün tənzimlənmiş yüksək məhsuldarlıqlı rekuperasiya sistemi olan hibrid güc qurğusu ilə təchiz edilir. Ford şirkəti yeni ofrouderin 60 və 100 mil/saat (96 və 160 km/saat) həddinə sürətlənməkdə digər polis avtomobillərini üstələdiyini bildirib. Üstəlik, avtomobil test trekində də rəqiblərindən yeyin olub.
Buna baxmayaraq, Ford şirkəti əsas diqqəti yanacağın qənaətcilliyinə yönəldib. Qarışıq rejimdə avtomobil 100 kilometrə 9,8 litr yanacaq sərf edir ki, bu da əvvəlki modeldə olduğundan 40% azdır. Beləliklə, polis departamentləri ildə hər avtomobildə 3500 dollar qənaət edə bilərlər.
Ford Police Interceptor Utility modelinin təchizatına firma telemetriya xidmətinə iki illik pulsuz abunə, Bluetooth sistemi, işıqdiodlarından fənərlər, dörd proqramlanan düyməsi olan sükan çarxı, 270 dərəcəlik müşahidə bucağı olan perimetri qoruma sistemi daxildir. Sonuncu sistem mümkün təhlükəni aşkar edən zaman avtomatik olaraq qapıları kilidləyir.