Ford şirkəti yeni nəsil Transit Courier modelinin Tourneo Courier adlı sərnişin versiyasını təqdim edib. Transit Courier furqonu kimi o da həm yanacaqla, həm tam elektriklə işləyən versiyalarda təklif olunacaqdır. BYanacaqlı versiya 125 at qüvvəli 1,0-litrlik EcoBoost turbomühərriki, elektrik versiyası isə 136 at qüvvəli yeganə elektrik mühərriki ilə hərəkətə gələcəkdir. Tourneo Courier simsiz enerji doldurma sistemi və kruiz-kontroldan tutmuş yol nişanlarının tanıması sisteminə qədər elektron köməkçilər dəstinə malik olan media sistemi ilə təchiz edilir.
Ford Tourneo Courier
Ford Tourneo Courier alıcılara üç versiyada təklif olunacaqdır: macəraçı Active, dəbli Trend və premium Titanium. Bazara birinci 125 at qüvvəsi hasil edən 1,0-litrlik EcoBoost “turboüçlüyü” ilə hərəkətə gələn yanacaqlı Tourneo modeli çıxacaqdır. Güc aqreqatı mexaniki ötürmələr qutusu və ya iki muftalı “robot” ilə tandemdə çalışa bilər. 2024-cü ildə isə, yanacaqlı modelə, ön oxda 136 at qüvvəli elektrik mühərriki olan Ford E-Tourneo Courier elektrik versiyası qoşulacaqdır.
Ford E-Tourneo Courier
Standart olaraq benzin mühərrikli Tourneo aktiv çəpərcikləri olan radiator barmaqlığı, start/stop sistemi, səkkiz düymlük ekranı, Apple CarPlay və Android Auto dəstəyi və simsiz doldurma meydançası olan SYNC 4 multimedia sistemi ilə təchiz edilir. Elektrik versiyası üçün isə, rəqəmsal cihazlar paneli və 12-düymlük mərkəzi displey vəd olunur. Ümumiyyətlə, əsas üstünlük E-Tourneo Courier elektrik versiyasına edilir, buna görə də elektrokar barədə məlumat daha çoxdur.
Ford E-Tourneo Courier
Belə ki, sələfi ilə müqayisədə yeni Tourneo modelinin baqaj həcmi 44 faiz, yükgötürmə qabiliyyəti bir sentner artıb. Elektromobilin ön tərəfində kabel, xəbərdarlıq üçbucağı və ilk yardım dəstinin yerləşdiyi 44 litrlik bölmə var. Yedəklənmiş qoşqunun kütləsi 700 kiloqramdır, lakin benzin versiyası üçün bu rəqəm bir ton bəyan edilib. E-Tourneo Courier 100 kilovata qədər daimi cərəyanlı yükləməni dəstəkləyir və 145 km/saata qədər sürətlənir.
Əksər təhlükəsizlik sistemləri standart olaraq quraşdırılır. Buraya avtomatik uzaq işıqlar, kruiz-kontrol və yol nişanlarının tanınması sistemi daxildir. Əlavə ödəniş müqabilində köndələn trafikə nəzarəti olan kor zonaların monitorinqi sistemini, yol kəsişmələrini keçmək üçün köməkçini və zolaqda saxlama funksiyası olan adaptiv kruiz-kontrolu sifariş etmək olar. Furqonlar Rumıniyanın Krayova şəhərindəki zavodda istehsal olunacaqlar. Orada Ford Puma krossoverlərinin istehsalı da təşkil olunub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.