Ford yeni nəsil Tourneo Custom sərnişin venini təqdim edib. Model gələn il bazara çıxacaq, bir neçə təkər bazası və üç oturacaq sırası ilə təklif olunacaqdır. Mühərrik çeşidinə plagin hibrid qurğusu (PHEV), müxtəlif güc variantlarında təklif edilən EcoBlue dizeli və tam elektrik güc qurğusu daxildir. İlk dəfə olaraq, Tourneo Custom modeli tam ötürmə sistemini, tavanda quraşdırılan hava yastığını və geniş opsiyalar siyahısını əldə edib.
Tourneo Custom sərnişin veni də, Transit Custom furqon kimi, müstəqil arxa asqısı olan yeni platformada inşa edilib. Mühərrik çeşidinə 136, 150 və 170 at qüvvəli EcoBlue dizelləri, həmçinin plagin hibrid güc qurğusu daxildir. Hibrid qurğunun tərkibinə Atkinson dövrü ilə çalışan 2,5-litrlik atmosfer aqreqatı, elektrik mühərriki və 11,8 kilovat-saatlıq batareya daxildir. Belə ven daxili yanma mühərrikini işə salmadan 50 kilometr məsafə qət edir.
Ford Tourneo Custom
İlk dəfə olaraq, Tourneo Custom modeli tam ötürmə sistemi ilə təklif edilir. Onu yalnız səkkiz pilləli “avtomat” ilə təchiz edilmiş dizel versiyaları (136 və ya 170 at qüvvəsi) üçün sifariş etmək olar. Kiçik modifikasiyalar 6-pilləli mexaniki ötürmələr qutusu ilə təklif olunur və onlar üçün yalnız opsional yüksək sürtünməli differensial əlçatandır. Bu, venin sürüşkən yollarda və yüngül yolsuzluqdakı dartma imkanlarını yaxşılaşdırır.
Eyni zamanda, Tourneo Custom veni həm də E-Transit Custom modelinə bənzər olan tam elektrik versiyasına sahib olacaqdır. 400 voltluq batareyada F-150 Lightning pikapından alınmış hüceyrə-paketlərdən istifadə olunur. Ümumilikdə 74 kilovat-saat əlçatandır. Batareyanı doldurmaq üçün 11 kilovatlıq bort qurğusundan və ya 125 kilovatlıqdaimi cərəyanlı (DC) terminaldan istifadə etmək olar.
Ford E-Tourneo Custom
E-Tourneo Custom modelinin elektrik mühərrikinin hasilatı 217 at qüvvəsi və 415 Nm fırlanma anı təşkil edir. Pasport üzrə yürüş ehtiyatı 370 kilometr təşkil edir. Nəzəri olaraq, elektromobil dizel venini əvəz edə bilir, lakin yedəyə alınmış qoşqunun çəkisi daha azdır: 2000 kiloqram. Yanacaqla işləyən venlər isə, 2500 kiloqramlıq qoşqunu yedəyə ala bilərlər.
Model iki təkər bazası və üç oturacaq sırası ilə təklif olunacaqdır. E-Tourneo Custom modelinin salonu səkkiz nəfər üçün nəzərdə tutulub, hibrid və dizel venlərində isə doqquz nəfər yerləşə bilər. İkinci və üçüncü cərgənin oturacaqları çıxarıla və uzununa hərəkət edə bilər. Sürüşərək açılan qapılar elektrik ötürməsi ilə təchiz edilir, ön sərnişinin hava yastığı isə ön paneldən tavana keçirilib.
Bundan əlavə, üçzonalı klimat-kontrol, ətraf işıqlandırması, sabvuferli B&O səssistemi və qadcetlərin simsiz doldurması sistemi bəyan edilib. Bazara çıxan zaman, venlər rəqəmsal açarların dəstəklənməsi sistemini əldə edəcəklər.
Yeni furqonların istehsal ediləcəyi Türkiyənin Kocaeli şəhərindəki Ford Otosan zavodunun yenidənqurulmasına 2 milyard dollar xərclənib . Daxili yanma mühərrikli venlər Avropa yollarında 2023-cü ilin ortalarında peyda olacaqlar, E-Tourneo Custom elektrik versiyasını isə 2024-cü ilə qədər gözləmək gərəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.