Ford şirkəti yeni Transit Courier modelini təqdim edib. Şirkətin model xəttindəki ən kiçik kommersiya furqonu nəzərəçarpacaq dərəcədə böyüyüb və indi iki avropalleti götürə bilər. Benzin və dizel versiyaları ilə yanaşı, ön oxda 136 at qüvvəli elektrik mühərriki olan E-Transit Courier elektrik versiyası da olacaqdır. Yanacaqlı avtomobillərin satışına bu yay başlanmalıdır, elektrik furqonları isə gələn il bazara çıxacaqlar.
Yeni nəsil Ford Transit Courier benzin və dizel furqonlarının Avropadakı satışlarına 2023-cü ilin yayında start veriləcəkdir. 2024-cü ildə isə E-Transit Courier elektrik furqonları bazara çıxacaqlar. O, Ford Otosan Araşdırma və İnkişaf Mərkəzi (Türkiyə) və “Mavi Ovalın” bütün kommersiya nəqliyyat vasitələrinə cavabdeh olan Ford Pro bölməsi (Böyük Britaniya) tərəfindən birgə hazırlanıb.
Ford Transit Courier
Sələfi ilə müqayisədə Transit Courier furqonunun ölçüləri xeyli böyüyüb, ona görə də o, Connect modelinin daha kiçik versiyalarını da əvəz edəcəkdir. Yük bölməsinin həcmi hazırda 2,9 kubmetr, təkər tağları arasındakı məsafə 1220 millimetrdir. İlk dəfə olaraq, Courier 2,6 metrə qədər uzunluğu olan yükləri (kabin bölməsində onlar üçün xüsusi lyuk var) və iki standart avropalleti yerləşdirə bilir.
Mühərriklər çeşidinə 100 və ya 125 at qüvvəsinə malik olan 1,0-litrlik EcoBoost benzin “turboüçlüyü”, həmçinin 100 at qüvvəsi hasil edən 1,5-litrlik EcoBlue dizel mühərriki daxildir. Ötürmələr qutusu altı pilləli mexaniki transmissiyadır. Bununla belə, 125 at qüvvəli versiya üçün ilk dəfə olaraq iki muftalı yeddi pilləli “robotu” da sifariş etmək mümkündür. Mühərrikdən asılı olmayaraq, furqonlar radiator barmaqlığındakı aktiv çəpərcikləri və start/stop sistemi alıblar.
Ford E-Transit Courier
Elektrikli E-Transit Courier ön oxda 136 at qüvvəli elektrik mühərriki ilə gəlir, lakin nə batareyanın tutumu, nə də yürüş ehtiyatı hələlik açıqlanmayıb. Bununla belə, furqon ən az texniki xidmət xərcləri ilə seçiləcəkdir - dizel versiyalarında qənaət təxminən 35 faiz təşkil edəcəkdir.
Onun nasazlıqlarının 75 faizi isə mobil qruplar tərəfindən aradan qaldırıla bilər. Bundan başqa, yedəyə alınan qoşqunun icazə verilən kütləsi də açıqlanıb: dizel versiyası üçün 1100 kiloqram, benzin versiyası üçün 1000 və elektrik versiyası üçün 750 kiloqram.
Transit Courier ailəsinə furqon, iki oturacaq cərgəsi və yük yeri olan kombi variantı, o cümlədən zəngin təchizatlı Limited və Active versiyaları da daxil olacaqlar. Furqonlar Rumıniyanın Krayova şəhərindəki zavodda istehsal olunacaqlar.
Bu zavod ötən il Türkiyənin Koç Holdinqi və Ford konqlomeratının birgə müəssisəsi olan Ford Otosan tərəfindən alınıb. Orada Ford Puma krossoverlərinin istehsalı da təşkil olunub.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.