Elektromobillərin istehsalı üçün nəzərdə tutulan yeni Rouge Electric Vehicle Center zavodunun inşası Ford şirkətinə 700 milyon dollara başa gələcəkdir.
Miçiqan ştatının Dirborn şəhərində inşa edilən Rouge Electric Vehicle Center müəssisəsi F-150 pikapının elektriklə hərəkətə gələn versiyasını istehsal edəcəkdir. Ford, şəhəri 300 yeni iş yeri ilə təmin edəcək yeni zavodun inşasına 700 milyon dollar ayırıb. Ənənəvi daxili yanma mühərrikinə sahib olan yeni nəsil Ford F-150 pikapının buraxılışına artıq River Rouge müəssisəsində başlanıb və zavodda 4.400 əməkdaş çalışır. Dirborndakı Ford zavodunun istehsal üzrə direktoru Qəri Conson bu zavodu "dünyanın texnoloji cəhətdən ən qabaqcı Ford zavodu" adlandırıb.
Bu ilin əvvəlində Ford, Bronco və Ranger modellərinə 1,5 milyard dollarlıq sərmayə qoyaraq ABŞ-da 3 mindən çox insanı iş yeri təmin etdiyini bildirib. F-150 pikapının elektrik versiyasının təqdimatının 2022-ci ildə keçiriləcəyi gözlənilir.