Yeni Genesis G90 nümayəndəlik sedanı Audi A8 və Lexus LS modellərindən daha baha başa gəlir. ABŞ-da ikinci nəsil G90 modelinin qiyməti 89,5 min dollardan başlayır, yəni Genesis markasının yeni flaqmanı sələfindən 25% bahadır.
Xatırladaq ki, Genesis G90 modelinin ilk nəsli ABŞ-da 73,6 min dollardan başlayan qiymətlərlə satılırdı. Genesis markasının flaqmanı bənzər ölçülü, altısilindrli mühərriki və tam ötürməsi olan Audi A8 L 55 TFSI quattro sedanından iki min dollar, Lexus LS 500 AWD sedanından isə, yeddi min dollar baha olacaqdır.
Başlanğıcda Genesis yalnız adi G90 modeli təklif edəcəkdir. İki konfiqurasiya mövcuddur - 89,5 min dollara satılacaq baza modelinin təchizatına 380 at qüvvəsi və 530 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 T-GDI mühərriki, tam ötürmə sistemi, adaptiv asqı, habelə havalandırma, qızdırılma və masaj funksiyaları olan çoxkonturlu oturacaqlar daxildir.
Əlavə 10,3 min dollar ödəməklə, müştəri elektrik kompressoru olan daha güclü top versiyanı əldə edə biləcəkdir. Belə Genesis G90 sedanı 415 at qüvvəsi və 549 Nm fırlanma anı hasil edən mühərrikə, pnevmatik asqıya, tam idarələnən şassiyə, 21 dinamikli Bang & Olufsen səs sisteminə və elektrik qapı bağlayıcılarına malik olacaqdır.
Qeyd etmək gərəkdir ki, Genesis G90 sedanı alman rəqiblərinə nisbətən daha zəngin təchizata malikdir. Eyni zamanda, ABŞ-da arxa ötürməli BMW 740i sedanı 94 min dollara, ən sadə Mercedes-Benz S 500 4Matic isə, 112 min dollara başa gələcəkdir. Koreya flaqmanının çatdırılmalarına avqustun 10-da başlanmlıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.