Amerikan GMC Yukon ofrouderləri Chevrolet Tahoe və Suburban modellərinin daha statuslu və bahalı versiyalarıdır. Yukon alıcılarının təqribən 60 faizi ənənəvi olaraq ən zəngin Denali versiyasını seçir, lakin istənilən halda o, tamölçülü “premium” deyil. İndi isə, modifikasiya çeşidinə GMC Yukon və Cadillac Escalade modelləri arasındakı məsafəni azaldan daha bahalı Denali Ultimate variantı əlavə edilib. Yeri gəlmişkən, ilk dəfə belə bir təchizat keçən il qohum GMC Sierra pikapında peyda olub.

Əsas məsələ salonun zənginliyidir: Denali Ultimate versiyası vibromassajoru olan multikonturlu ön oturacaqlar və dördü ön başlıqlara quraşdırılmış, ümumilikdə 18 dinamikə malik olan Bose audiosistemi ilə təchiz edilir.

Oturacaqların üzlənməsi üçün bahalı dəridən istifadə olunur, ön panel və qapılardakı əlavələr açıq məsaməli ağac şponundan hazırlanır, əlavə olaraq, salon Denali dağının (Alyaska ştatı) topoqrafik xəritəsinin fraqmentləri ilə bəzədilir.

GMC Yukon Denali Ultimate modeli zahir cəhətdən adi Denali versiyasından yalnız qara xromdan tərtibatı (ənənəvi parlaq olanın əvəzinə) və standart 22-düymlük təkər diskləri (əlavə ödəniş qarşılığında onları Denali variantı üçün də sifariş etmək olar) ilə fərqlənir.

Bununla belə, yeni top versiya çeşiddə ilk dəfə olaraq Super Cruise sistemini alıb - bu, magistral yollarda hərəkət zamanı avtomatik idarəetmə funksiyasına malik olan adaptiv kruiz-kontroldur. Xatırladaq ki, ABŞ və Kanadada bu sistemi işlətməyə icazə verən 320 min kilometr uzunluğunda yollar mövcuddur. İndiyədək Super Cruise sistemi yalnız Cadillac Escalade və GMC Sierra Denal Ultimate modellərində quraşdırılırdı.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

GMC Yukon Denali Ultimate 426 at qüvvəli 6,2-litrlik səkkizsilindrli benzin mühərriki və ya 281 at qüvvəli 3,0-litrlik sıralı altısilindrli turbodizel ilə təklif olunur. Hər iki mühərrik 10-pilləli “avtomat” və azaldıcı pilləsi olan tam ötürmə sistemi ilə birləşdirilir. Standart təchizata elektron idarəolunan Magnetic Ride amortizatorları olan pnevmatik asqı daxildir.

GMC Yukon Denali Ultimate ofrouderləri bu ilin payızında satışa çıxarılacaq və qiymətinə görə Cadillac Escalade ofrouderinə yaxın olacaqlar. İndi ABŞ-da Escalade modelinin baza versiyası 76 min dollara başa gəlir, tam ötürməli GMC Yukon Denali üçün isə 74 min dollar istəyirlər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.