On birinci nəsil Honda Civic modelinə həsr olunmuş Civic XI forumunda, növbəti modelin patent şəkilləri dərc edilib. Yalnız təsvirlərdən göründüyü kimi, yeni hetçbek sələfinin ümumi konsepsiyasını və nisbətlərini qoruyacaq, eyni zamanda, nəzərə çarpacaq dərəcədə dəyişəcəkdir.
Əgər dərc edilən şəkillər həqiqətən yeni nəsil Honda Civic modelinə aiddirsə, o zaman yeni avtomobilin çöhrəsində sələfinə xas olan aqressiyadan əsər-əlamət qalmadığını söyləmək gərəkdir. Avtomobil, ona məxsus olan iti bucaqlardan məhrum olub, daha uzun və daha alçaqdır.
Ən diqqətəlayiq dəyişikliklərdən biri də fərqli dizayna malik olan fənərlərdir - onların hər birində kvadrat formal LED bloklar peyda olub. Üstəlik, baqaj qapağına keçən fənərlər nazik zolaq ilə birləşdiriliblər.
Civic modelinin istehsalının Böyük Britaniyadan ABŞ-a köçürüləcəyi və yeni modelin debütünün gələn ilin yazında keçiriləcəyi artıq məlumdur. Model sedan və hetçbek kuzovlarında təklif ediləcəkdir. Üçqapılı Civic Coupe /Si Coupe modellərinə gəldikdə isə, onların model xəttini tərk edəcəyi barədə şayiələr dolaşır. Səbəb isə məlumdur - bu il belə modellərə olan tələb ən aşağı səviyyədə olub.
Yeni Honda Civic modelinin mühərrik çeşidinə gəldikdə isə, onun tərkibi satış bazarından asılı olacaqdır. Hazırda Civic modelləri 141 at qüvvəli 1.8 i-VTEC atmosfer benzin mühərriki, 120 at qüvvəli 1.6 i-DTEC dizeli, həmçinin 126 at qüvvəli 1.0-litrlik və 182 at qüvvəli 1,5-litrlik benzin turbomühərrikləri ilə təklif edilirlər.
Eyni zamanda, “bərkgedən” Honda Civic Type R hetçbekinin 2.0-litrlik turbomühərrikə əsaslanan üçmühərrikli hibrid güc qurğusu ilə təchiz ediləcəyi bildirilib. “Qaynar” hetçbek tam ötürməyə və 400 at qüvvəsinə malik olacaqdır.