Üç il bundan əvvəl Audi şirkətinin Horch brendini yenidən həyata qaytaracağı barədə məlumat peyda olmuşdu. Horch adının Audi A8 sedanının ən dəbdəbəli variantına veriləcəyi söylənilirdi. Artıq bu layihə başa çatmaq üzrədir. Hələ bu ilin əvvəlində belə sedanların prototipləri sınaqlar zamanı qeydə alınmışdı. Horch emblemini daşıyan yeni modelin təqdimat mərasimi 29 oktyabr tarixində keçiriləcəkdir.
Xatırladaq ki, Horch markası 1904-cü ildən 1942-ci ilə qədər fəaliyyət göstərib. Keçən əsrin otuzuncu illərində bu markanı səkkizsilindrli mühərriklər ilə təchiz edilmiş nümayəndəlik avtomobilləri daşıyırdılar. 1932-ci ildə Horch şirkəti Audi, DKW və Wanderer markaları ilə birlikdə Auto Union AG konsernində birləşmişdi. Bu konsernin loqotipi bu gün Audi modellərini bəzəyən dörd halqadan ibarət olan loqotip idi.
1955-1958-ci illərdə Svikkaudakı zavod Horch P240 modelini buraxırdı. Konsernin qalıqları Daimler-Benz konserninin mülkiyyətinə keçdikdən sonra, tarixi adın istifadəsindən imtina edildi. 1964-cü ildə Auto Union Volkswagen şirkəti tərəfindən satın alındı və bundan sonra şirkətin yeni sahibləri Audi markasını bərpa etdilər. Lakin səksəninci illərə qədər Horch markası Daimler AG konserninin mülkiyyətində idi, hətta Volkswagen konserninə satıldıqdan sonra belə “canlandırılmadı”.
Yenidən həyata qaytarılan Horch modeli Audi A8L modelinin top versiyası olacaqdır. Yeni Horch yenilənmiş A8 sedanı ilə birlikdə təqdim ediləcək və Mercedes-Maybach S-Class modeli ilə rəqabət aparacaqdır. Casus şəkillərindən göründüyü kimi, sedan uzadılmış təkər bazasına və iri arxa qapılara malik olacaqdır. Əgər Maybach modeli adi S-Class sedanından qapı girişləri və arxa dayağı ilə seçilirsə, Horch modelinin yaradıcıları qapıları uzatmaqla kifayətləniblər və arxa dayaqları dəyişməyiblər.
Horch sedanı Audi A8L modelindən yeni radiator barmaqlığı, arxa qapılardakı loqotiplər və salonun dəbdəbəli tərtibatı ilə fərqlənəcəkdir. Bundan başqa, Horch modeli A8 model xəttində 6,0-litrlik W12 mühərriki ilə təchiz edilən yeganə versiya olacaqdır. Maraqlıdır ki, belə mühərrikə malik olan cari nəsil A8 sedanı hazır olsa da, alman istehsalçısı onu buraxılmasını təxirə salmışdı.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.