İkinci nəsil Hyundai Creta modeli Cənubi Koreyanın ümumi istifadə yollarında qeydə alınıb. Avtomobil sınaqlara kamuflyaj örtüyü olmadan yollanıb. Vətənində Hyundai ix25 kimi tanınan krossover, əsas rəqibi olan Kia Seltos modeli ilə eyni platformanı bölüşür.

Yeni Creta sələfindən 30 (4300) mm uzun və 10 (1790) mm enli olub. Təkər bazasının uzunluğu da 20 mm artaraq 2610 mm bərabər olub. Yeni krossoverin dizaynı bayraqdar Palisade və örta ölçülü Santa Fe modellərinin üslubundadır. İntyerdə də ciddi dəyişikliklər var: avtomobilin sistemlərinin idarəetməsi multimedia sisteminin şaquli formalı displeyində cəmlənib. Bu ekranı iki yerə bölmək də mümkündür.

İkinci nəsil Hyundai Creta modelinin texniki hissəsi barədə məlumat verilməsə də, onun 1,4-litrlik benzin turbomühərriki və 1,6-litrlik atmosfer aqreqatı ilə təchiz ediləcəyi ehtimal olunur. Kamuflyaj örtüyünün olmaması isə, yeni modelin yaxın zamanlarda rəsmi debüt edəcəyindən xəbər verir.