Bizim bazarda Hyundai Creta kimi tanınan Hyundai ix25 modelinin ikinci nəsli yeni sükan çarxına, rəqəmsal cihazlar panelinə və multimedia sisteminin şaquli formalı ekranına sahib olacaqdır. Avtomobilin interyerinin cəsus fotoşəkillərini Çinin Autohome saytı dərc edib.
Çin bazarında satılacaq ikinci nəsil Hyundai ix25 modelinin istehsalına artıq start verilsə də, avtomobil rəsmi olaraq təqdim edilməyib. Dərc edilmiş şəkillər krossoverin seriya variantının dörd ay bundan öncə Şanxayda nümayiş etdirilmiş konseptə maksimum yaxın olduğunu göstərir.
Hyundai ix25/Creta modelinin yeni 115 at qüvvəli 1,5-litrlik atmosfer mühərriki ilə təchiz ediləcəkdir. Yeni mühərrik 125 at qüvvəsi hasil edən 1,6-litrlik güc aqreqatını əvəzləyib. Hələlik, yeni mühərrikin hansı ötürmələr qutusu ilə təchiz ediləcəyi bildirilməsə də, onun variatorla tandemdə çalışacağı söylənilir. Bununla belə, Çin bazarında Hyundai ix25/Creta 140 at qüvvəli 1,4-litrlik dördsilindrli turbomühərrik ilə də təklif ediləcəkdir. Mühərrikin fırlanma anı preselektiv robot vasitəsi ilə ön öxa ötürüləcəkdir.
Yeni krossover sələfinə nisbətən 10 mm uzun və enli olub - yəni, yeni ix25 modelinin qabarit uzunluğu 4300 mm, eni isə 1790 mm təşkil edir. Krossoverin təkər bazasının uzunluğu da 20 mm artaraq 1622 mm olub. Yeni krossoverin Çindəki satışlarına bu ilin ikinci yarısında start veriəcəkdir.