Azərbaycanda da populyar olan Hyundai Elantra modelini yeni yeddinci nəsli dünən ABŞ-da debüt edib. Yeni model Cənubi Koreya istehsalçının firma dizayn üslubunun yeni nümaunəsi olmaqla yanaşı, tamamilə yeni arxitekturaya malik olan interyerə də sahib olub.
Opsional olaraq, yeni Hyundai Elantra modelini bir blokda yerləşdirilmiş iki 10,25-düymlük ekranla da təchiz etmək olar – onlardan biri rəqəmsal cihazlar panelinin, digəri isə multimedia sisteminindir. Göründüyü kimi, interyerdə gözlənilməz bir şey yoxdur… lakin, virtual cihazlar panelinin sol tərəfinə diqqət yetirsəniz orada daha bir qəribə elementi görə bilərsiniz. Bu, ortasında xətt olan dairə çəkilmiş paneldir.
Bəs bu panelin funksiyası nədir? Bu, havalandırma sisteminin deflektoru deyil, çünki deflektorlar bir qədər aşağıda yerləşir. Bu, heç səs sisteminin dinamiki də deyil. Bir sözlə, koreyalılar bizə tapmaca hazırlayıblar.
Lakin, bizim ABŞ-dakı Motor1 saytından olan həmkarlarımız məsələyə aydınlıq gətirmək üçün birbaşa istehsalçıya müraciət edib. Hyundai şirkətinin məhsul planlaşdırılması üzrə komandasının üzvlərinin cavabı elementar olsa da, gözlənilməz olub. “Bu, sadəcə şüşə üzərindəki bir şəkildir və heç bir funksiya daşımır. O, yalnız estetik xarakter daşıyır”, - deyə Hyundai şirkətindən cavab gəlib.