Avstraliyanın Drive.com nəşri 2023-cü ilin sonunda Hyundai şirkətinin Ioniq T7 və Ioniq T10 ticarət nişanlarını qeydiyyatdan keçirdiyini bildirib. Modellərin adındakı “Ioniq” kəlməsi onların elektrik dartması ilə hərəkət edəcəyinə, rəqəmli indeks isə, model xəttindəki yerinə işarə edir. Əgər bu adlar həqiqətən də pikaplara aiddirsə, onda Ioniq T10 pikapı Hyundai model çeşidinin zirvəsində qərarlaşacaq və Koreya markasının flaqman pikapı olacaq.
Ioniq T7 və Ioniq T10 ticarət nişanları qeydə almaq üçün ərizə Avstraliyada verilib, lakin bu qitə elektrik pikapları üçün əsas bazar olmayacaq. Məlum məsələdir ki, hədəfdə olan Şimali Amerika bazarıdır. Ioniq T10 modeli ölçülərinə görə, Ford F-150 və GMC Sierra modelləri ilə müqayisə edilə bilən tamölçülü pikapın olacağı gözlənilir. Öz növbəsində, Ioniq T7 modeli Chevrolet Colorado kimi orta ölçülü və ya Santa Cruz kimi yığcam ola bilər.
Böyük ehtimalla, hər iki pikap ikimühərrikli güc qurğusunu və tam ötürmə sistemini alacaq, lakin yeganə elektrik mühərriki ilə hərəkətə gələn arxa ötürməli versiyanın olacağı da istisna edilmir. Yeni pikaplar 2025 və ya 2026-cı ildə satışa çıxa bilərlər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.