Hyundai şirkəti Nyu Yorkda keçirilən avtosalonda səkkizinci nəsil Sonata modelinin yeni modifikasiyalarını təqdim edib. Cənubi Koreya istehsalçısı yeni Sonata modelini ABŞ-da iki mühərriklə təklif edəcəkdir.
Hyundai Sonata Turbo adi sedandan aqressiv ön bamper və qara dekoru ilə seçilir. Bu rəngə avtomobilin radiator barmaqlığı, moldinqləri və yan güzgülərinin gövdələri boyanıbdır. Turbo modifikasiyasının kapotu altında SmartStream ailəsindən olan dörd silindrli G1.6 T-GDi mühərriki yerləşir. Birbaşa çiləmə və turbokompressorla təchiz edilmiş mühərrik 180 at qüvvəsi hasil edir.. Bundan başqa, Hyundai amerika bazarında 191 at qüvvəsi hasil edən 2,5-litrlik mühərriki də təklif edəcəkdir. Hər iki mühərrik səkkiz pilləli avtomatik qutu ilə tandemdə çalışacaqdır.
1,6-litrlik turbomühərrik
Əgər 191 at qüvvəsi sizi qane etmirsə, bir qədər gözləməli olacaqsanız, çünki koreya istehsalçısı N Line xəttindən olan “qaynar” Sonata sedanını hazırlayır. İlkin məlumata görə, “qaynar” sedan 275 at qüvvəli mühərriklə təchiz ediləcəkdir.
Eyni güc xarakteristikasına malik olan 2,0-litrlik turbomühərriklə i30 N və Veloster N modelləri təchiz edilir. Lakin “qaynar” Hyundai Sonata N modeli 2,0-litrlik turbomühərrik ilə deyil, 2,5-litrlik mühərrikin təkmilləşdirilmiş variantını alacaqdır.
2,5-litrlik mühərrik
Hibrid Sonata barədə məlumat çox azdır. Bu model digərlərindən iti bucaqları olan bamperi və aerodinamika nöqteyi nəzərindən mükəmməl olan 16 və ya 17 düymlük təkər diskləri ilə seçilir. Güc qurğusu 2,0-litrlik atmosfer mühərriki və elektromotordan ibarətdir. Modelin ortalama yanacaq sərfiyyatı sələfi ilə müqayisədə 10% azalaraq 100 kilometrə 5 litr olub. Buna səbəb avtomobilin şüşə tavanında olan günəş batareyalarıdır. Aydın havada bu panellər akkumulyatorları dolduran havayı elektrik enerjisini hasil edir. Koreya istehsalçısının mühəndislərinin hesablamalarına görə, günəş enerjisi ilə sedan ildə 1300 kilometr qət edə bilər.
2020-ci ildə yeni Sonata modelinin mühərrik çeşidinin genişləndiriləcəyi və universal kuzovlu variantın da təqdim ediləcəyi gözlənilir.